Gültəkin Hacıbəyli haqqında şok açıqlamalar verildi
17 May 2013 16:58 (UTC+04:00)
Bu gün sabiq millət vəkili Gültəkin Hacıbəylinin
keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, Mahmud Mehdiyev mətbuat konfransı
keçirməkdə məqsədinin Gültəkin Hacıyevanın son vaxtlar dövlətə
qarşı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahına
xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında qərəzli
çıxışları olduğunu bildirib.
Mehdiyev qeyd edib ki, bu günə qədər Gültəkin
Hacıyeva millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar
şəxsi həyatla bağlı olduğu üçün susub, bu məsələlərin
ictimailəşməsini istəməyib:
"Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini,
dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını
şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi, Gültəkin
Hacıyeva öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa
bilməzdim. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan
əqidəsini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən
şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Qoy hamı mələk
simasi geymiş Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul
olduğu, qanunsuz sərvət topladığı, mənim kimi yüzlərlə vətəndaşın
hüquqlarının necə pozduğunu bilsin".
Mehdiyev bildirib ki, Gültəkin Hacıyeva ilə toyuna
iki həftə qalmış 2003-cü ilin mayında ümummilli lider Heydər
Əliyevin göstərişinə əsasən, order əsasında Bakı Şəhər İcra
Hakimiyyəti tərəfindən G.Hacıyevaya şəhərin mərkəzində, "Bakı
Dövlət Sirki"nin yaxınlığında, S.Vurğun küçəsi 92 a ünvanda
yerləşən, 12 saylı evdə üçotaqlı mənzil verilib:
"Həmin mənzilin təmirinə və mebelə mənim
tərəfimdən valideynlərimin köməyi ilə 50.000 (əlli min) dollar xərc
çəkildi. Gültəkin Hacıyeva bildirmişdi ki, evi təmir edəndən sonra
yüksək qiymətə icarəyə verib xərcimizi çıxararıq. Toydan sonra biz
müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində
olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı
ikiotaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə, yəni
2004-cü ilin avqustunda biz faktiki boşandıqdan sonra o, nəinki
mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, bizim başımıza
"oyun aşacaq". G.Hacıyeva ilə ayrıldıqdan sonra üçotaqlı mənzilin
təmiri ilə əlaqədar yaranmış borcların qaytarılmasından ötrü anam
qanunla ona verilmiş mülkiyyət hüququnu həyata keçirərək ikiotaqlı
mənzilini satmış və borcları qaytarmışdır. Lakin, maddi sərvət
toplamaqdan ötrü heç nəyə məhəl qoymayan, heç bir dəyərlərə qiymət
verməyən və millət vəkili statusundan sui-istifadə edən G.Hacıyeva
Prezidentin ona verdiyi mənzildən gözü doymayaraq məni hədələdi ki,
mən Sizin evə gəlin gəlmişəm və mənə mənzil
verməlisiniz".
Mehdiyev deyib ki, birgə yaşadığımız müddətdə
pasport qeydiyyatında olmadığı halda o, anamın mülkiyyətində olmuş
və sonradan Gültəkin Hacıyevanın təqsirindən borcların ödənilməsi
üçün satılmış ikiotaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv
edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia
qaldırmış, statusundan sui-istifadə etməklə Nəsimi Rayon
Məhkəməsində qanunsuz qətnamə qəbul etdirilməsinə nail
olub:
"Gültəkin Hacıyeva deputat olduğu üçün onun
valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə
müraciətlərim nəticəsiz qalmışdır. Kirayəyə verilmiş mənzildən əldə
edilən gəlir Gültəkin Hacıyeva üçün övladından önəmli olub. Mənə
məlum olub ki, o, ulu öndərin tapşırığı ilə Bakı Şəhər İcra
Hakimiyəti tərəfindən ona verilən üçotaqlı mənzilə köçməyib,
yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş və
tərəfimdən tam təmir edilmiş mənzili qazanc məqsədi ilə istifadə
edərək "Ajkrane LTD" (Salyan şossesi, 84) firmasında işləyən Paul
adlı xarici vətəndaşa kirayəyə verib. Xüsusi qeyd etmək istəyirəm
ki, Gültəkin Hacıyeva hələ 2005-ci ildə hər ayı 2000 ABŞ dollarına
kirayəyə verdiyi mənzildən əldə etdiyi gəlirdən vergi verməyib,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində
nəzərdə tutulan vergini ödəməkdən yayınma cinayət əməlini
törədib".