Terroru təşviq edən kampaniyaya müxaliflərdən dəstək

5 İyul 2019 07:45 (UTC+04:00)

Azərbaycan dövlətçiliyinin tarixi qədimdən qədimdir. Amma başı bəlalıdır. Xalqımız həmişə xarici təsirlərdən əzab-əziyyət çəkib. Başımızın üstündəm səmum yeli əskik olmayıb. Əzilmişik, amma məhv olmamışıq, dəfələrlə qamətimizi qaldırıb, sıfırdan başlayaraq yenidən dövlətimizi qurmuşuq. Buna görə də dövlətimiz bizim üçün həmişə qiymətli sərvətdir və onu qorumaq üçün qanımızdan belə keçməyə hazırıq.

Ancaq nə edəsən ki, hələ də dünyada terrorla yaşayan, müharibələrlə nəfəs alan qüvvələr var. Dünyanın hazırkı dövranı dediklərimizə tutarlı nümunədir. Geostrateji məqsədlər, başqa sözlə hegeminluq edib başqalarının var-dövlətini əlindən almaq, siyasi prosesləri öz xeyirlərinə yönəltmək, sağlam rəqabət əvəzinə fitnəkarlıqla məşğul olmaq indiki dövlətlərarası gündəmin başlıca problemləridir. Azərbaycan da bu fitnə-fəsaddan əziyyət çəkir. Düzdür, indiki halda görülən tədbirlər, aparılan dölğun siyasət, xalq-iqtidar münasibətlərinin səmimiliyi cəmiyyətimizdə sabitlik yaradıb. Lakin, bir məsəldə deyildiyi kimi, “mərdiməzarı axtarmaqla deyil, o, özü gəlib səni tapır”. Yəni, xarici radikal dini-klerikal terrorçu qruplar sabitliyi sevmir və bunu pozmaq üçün cəhdlər edir. Bu isə dövlət terrorizminə aparır.

Bir il əvvəl Gəncədə baş vermiş terror aktı dediklərimizi təsdiqləyir. Milliyyəti azərbaycanlı olan xarici ölkə vətəndaşı dövlət orqanının təmsilçilərinə silahlı hücum təşkil edərək Gəncədə sabitliyi pozmaq, bu yolla ölkənin ikinci böyük şəhərindən başlamaqla bütünlükdə ölkədə çaxnaşma yaradıb əhalini dövlətə qarşı qaldırmaq məqsədi güdürdülər. Lakin sabitliyin bir formulu da dövləti və xalqı mühafizə edən strukturların mükəmməl işləməsinə əsaslanır. Həmin vaxt quldurlar özlərinə qurban verən polis əməkdaşlarının səyi ilə tərksilah edildilər və qarşısına çıxarılaraq əməllərinə görə cəzalandırıldılar. Lakin belə hadisələrdə hazırlıq yeknəsəklikdən uzaq olur. Terrorçulara dəstək verən qrupların əksəriyyəti ifşa edilib məğlub olsalar da, demokratiyanın imkanlarından sui-istifadə edənlər bu cəhdi başqa cür qələmə verməyə, hətta siyasi mübarizə müstəvisinə çəkmək istədilər. Çox təəssüf ki, xarici pozucu qüvvələrin ələ aldığı və xaricdə özünə sığınacaq tapmış, özünü müxalifətçi adlandıran bəzi azərbaycanlılar da terorçulara qahmar çıxmağa cəhd edirdilər. Bu hal indi də var. Gəncə hadisələrinin ildönümü günlərində internetdə din pərdəsi altında terrorçuluq edənlərin nümayəndələri internet şəbəkəsində video və şəkillər paylaşaraq təbliğat aparırlar.

Baş verənlər və ümumiyyətlə regionda və dünyada gedən geosiyasi proseslər, terrorçuluqla mübarizə məsələsi, ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə bu günlərdə xüsusi açıqlama verən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?...”

Müxalifət qüvvələri sabitlik olmasa, demokratik quruculuq gedən cəmiyyətdə yaşamasalar, müxalif fikirlərlə yaşaya bilməzlər. Amma onların sırasında bu dəyərlərin məhv olmasına əl çalanlar var. Halbuki, özləri guya demokratiya uğrunda savaşırlar. Biz dəfələrlə öz qonşuluğumuzda, küçə və meydanlarda bəzi müxalifətçilərin ölkədə baş verən təbii fəlakətlərə, insan tələfatı ilə müşayiət olunan iri texniki qəzalara, gizli olsa da sevindiklərini müşahidə edirik. Yenə deyirəm, bu şəxslər sözdə dövlətçilikdən dəm vururlar. Buna görə də Əli Həsənov açıqlamasında dərin vətəndaşlıq hissi ilə qeyd edir: “Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir”.

Budur milli heysiyyət, vətəndaş məsuliyyəti və vəzifəsi, bəşərilik, insaniyyətlilik, millilik, dövlətçilik və gələcəyimizi təmin edən yol.

N.NOVRUZ