Dollara qarşı sərt həmlə

5 İyul 2019 09:40 (UTC+04:00)

Son dövrlər bəzi ölkələrin mərkəzi bankları Çin valyutası olan yuan almağa başalyıb. Məsələn, Rusiya Mərkəzi Bankı ehtiyatlarını geosiyasi risklərdən sığortalamaq məqsədi ilə iri həcmdə Çin yuanı almağa başlayıb. Hazırda Çində iqtisadi artımın inkişaf etmiş ölkələri üstələdiyi üçün yuanı ehtiyat valyuta olaraq perspektivli hesab etdiklərini qeyd edən Mərkəzi Bankın sədri Elvira Nabiulina Rusiya ilə Çin arasında strateji tərəfdaşlığı da bu seçimdə mühüm amil olaraq dəyərləndirib. Bəzi Asiya ölkələrinin mərkəzi bankları çıxış etsə də, hətta bir sıra Avropa ölkələri də yuan almağa başlayıb. Bundan başqa, Rusiya və Çin kimi dünya nəhəngləri qarşılıqlı ticarətdə artıq yuan və rubldan istifadə etməyə başlayıblar. Sözügedən prosesə Türkiyə və İranın da qoşulması gözlənilir. Beləliklə, görünən odur ki, bir sıra ölkələrin qarşılıqlı ticarətdə yerli valyutalardan istifadə etməklə bağlı çağırışları artıq reallaşmağa başlayıb. Bu prosesləri şərtləndirən səbəblər nədir. Yaranmış bu hal dünya maliyyə bazarı və dolların gələcəyinə nə vəd edir? Mövcud situasiyada Azərbaycan hansı addımlar atmalıdır?

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, bəzi mərkəzi bankların yuan almağa başalması və Rusiya ilə Çinin qarşılıqlı ticarətdə yerli valyutadan istifadəyə keçmələrini şərtləndirən səbəb risqlərin azaldılması və dollar vasitəsilə gələn təzyiqləri neytrallaşdırmaq məqsədi daşıyır: “Qeyd edim ki, Rusiya, Çin və bir sıra digər ölkələrin qarşılıqlı ticarətdə yerli valyutaya keçmələri və bəzi mərkəzi bankların yuan almağa başlaması bir neçə səbəbdən qaynaqlanır.

Başlıca səbəblərdən biri odur ki, bir sıra dövlətlər dünyada əsas valyuta növü olaraq istifadə olunan dolların təsirinin azaldılmasına çalışırlar. Məsələ ondan ibarətdir ki, Federal Ehtiyatlar Sistemi vasitəsilə ABŞ əksər hallarda digər ölkələrə yönəlik iqtisadi və siyasi təsirini məhz dollar alətindən istifadə etməklə həyata keçirməyə çalışır. Ona görə də Rusiya, Çin, İran, Türkiyə və digər ölkələr qarşılıqlı ticarətdə dollardan xilas olmaq istəyirlər.   Bildiyiniz kimi, hazırda Rusiya, Çin, Türkiyə və İranla Qərb ölkələri arasında iqtisadi-ticarət və beynəlxalq valyuta mübarizəsi gedir. Bu mübarizə çərçivəsində də risqləri azaltmaq, dollardan gələn təzyiqlərin qarşısını almaq məqsədilə bəzi ölkələr birgə əlaqələri ancaq milli valyutalarla həyata keçirməyə girişib”.

Amma R. Atakişiyevin fikrincə, Rusiya ilə Çinin qarşılıqlı ticarətdə yerli valyutadan istifadəyə keçmələrinə baxmayaraq, bu proses dünya ticarətində nəhəng təsiredici gücə malik deyil. Yəni ekspert düşünür ki, sözügedən tendensiyanın dünya maliyyə bazarlarına ciddi təsirləri olmayacaq: “Sadəcə olaraq, bu ölkələr öz müstəqil iqtisadi siyasətlərini həyata keçirmək üçün bu addımı atmağa məhkumdurlar. Bunu da qeyd etdiyim kimi, dollar vasitəsilə onlara edilən siyasi təzyiqləri aradan qaldırmaq üçün həyata keçirirlər. Onu da bildirim ki, belə tendensiyalar yaxın 70 illik tarix ərzində bir neçə dəfə olub. 1948-49-cu illərdə beynəlxalq valyutanın meydana çıxması prosesi zamanı, habelə 1975-1976-cı illərdə də dollardan imtina məsələsi meydana çıxmışdı. Son dövrlər də bu məsələnin yenidən aktuallaşdığını müşahidə edirik.

Virtual valyutalar olan kriptovalyutanın meydana çıxması da onu göstərir ki, artıq alternativlərə tələbat var. Artıq proses yeni bir yanaşmanın olmasını tələb edir. İqtisadi məsələlərdə də köhnə qaydalarla işləmək artıq əlverişsiz vəziyyətə düşüb. Yarnmış situasiya da buna uyğun olaraq tələbdən yaranan məsələdir. Amma məsələnin digər tərəfi də var, ölkələr hazırda tamamilə dollardan imtina edə bilmir. Çünki maliyyə bazarlarında əsas əməliyyatlar dollar vasitəsilə həyata keçirilir. Digər valyutalar da öz məzənnələrini məhz dollara uyğun olaraq formalaşdırırlar. Həmçinin, maliyyə bazarında istiqrazların alınıb-satılmasında, dünya fond və əmtəə birjalarında əsas rolu dollar oynamaqda davam edir. Ona görə də Çinlə Rusiyanın bu addımına sadəcə olaraq ilk cücərtilər kimi baxmaq olar. Amerika öz istiqrazlarını dünya bazarında satışa çıxaranda bütün maliyyə institutları oradan vəsauit götürməkdə həvəsli olurlar. Çünki burada trilyon dollarla dövr edir”.

Azərbaycanın bu fonda atmalı olduğu addımlara gəldikdə, ekspert ölkəmizin bu istiqamətdə müxtəlif addımlar atdığını dedi: “Azərbaycan öz ehtiyatlarını müxtəlif valyutalarda saxlayır. Təbii ki, bu ehtiyatlar təkcə dollarda saxlanılmayıb. Bir hissəsini avroda, funt sterlinqdə, yuan və digər valyutalarda saxlayır. Tədqiqatlar Mərkəzi prosesi araşdıraraq mövcud tendensiyanı müəyyən edir. Ona görə də Azərbaycan belə hadisələrə reaksiyanı qısa müddətli baş verən hadisələr fonunda deyil, uzunmüddətli perspektiv fonunda yanaşmalıdır. Proses uzunmüddətli perspektivdə ciddi təsir edərsə, Azərbaycan da öz ehtiyatında yuanın payını artıra bilər. Yəni bu tendensiyanın arxasında iqtisadi güc dayanmalıdır. Təsəvvür edin ki, dünya iqtisadiyyatının üçdə biri ABŞ-da cəmlənib. Rusiya iqtisadiyyatı isə dünya iqtisadiyyatının 3 faizi belə deyil. Çinə gəldikdə isə, onun əsas ticari tərəfdaşı da ABŞ-dır və onlar da bir-birilə əlaqəni dollarla qurublar”.

Avropa da ABŞ-dan asılılığı azaldır. Vaşinqtonun sanksiya təhdidlərinə baxmayaraq, Aİ ölkələri İrandan neft almağa davam edir. Lakin Aİ neftə görə dollarla yox, avro ilə ödənişlər edir.

Bundan başqa, avropalılar ABŞ sanksiyalarından yan keçmək üçün "INSTEX" adlanan maliyyə əməliyyatları mexanizmindən istifadə etmək niyyətindədirlər. Böyük Britaniya, Fransa və Almaniya keçən həftə bu sistemin işə düşdüyünü elan edib.

"INSTEX" (Ticarət Mübadilələrinə Dəstək Aləti) İran və Aİ şirkətləri arasında pul köçürməsi olmadan malların mübadiləsinə imkan verən vasitəçi sistemdir. Bu sistemlə Tehran faktiki olaraq nefti və digər malları Avropaya göndərə biləcək. Lakin "INSTEX" bu mallara görə pulu İran banklarına deyil, İslam Respublikasına malları ixrac edən Avropa şirkətlərinə ötürəcək. İyunun 28-dən etibarən bu mexanizmdən bütün Aİ ölkələri istifadə edə bilər. Bir qədər sonra isə ondan digər ölkələrin şirkətləri də yararlana biləcəklər. Qeyd edək ki, Vaşinqton avropalıları bu layihədən imtina etməyə çağırır və bu da təəccüblü deyil. ABŞ artıq "INSTEX"də iştirak edəcək bütün ölkələri sanksiyalarla təhdid edib. "Bloomberg" ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelkerin məktubuna istinadən xəbər verib ki, "INSTEX"də iştirak edəcək rəsmi şəxslər ABŞ maliyyə sistemindən çıxarılacaq.

Rüfət NADİROĞLU