Qarabağ münaqişəsi ətrafında mühüm yeniliklər

6 İyul 2019 08:00 (UTC+04:00)

Son günlərdə Ermənistan rəsmilərinin Qarabağa səfəri intensivləşib. Belə ki, Dağlıq Qarabağa Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan və Ermənistan xarici işlər naziri Zöhrab Mnatasakanyan qanunsuz səfər edib. Bu, o fonda baş verir ki, Nikol Paşinyanın zəbt olumuş ərazilərdən erməni qoşunlarını çıxaracağına dair müxtəlif məlumatlar yayılır. İddialara görə, Paşinyan NATO baş katibi Yens Stoltenberqə ünvanladığı məktubda belə bir fikir səsləndirib. Bunların bir-birilə əlaqəsi varmı? Ermənistanda Qarabağla bağlı nələr baş verir? 

Politoloq İlqar Vəlizadə bildirdi ki, intensivləşən bu aktivlik münaqişənin tənzimlənməsi istiqamətində aparılan danışıqlarla bağlıdır: “Burada bütün hallarda əlaqə vardır. Son zamanlar danışıqlar prosesinin intensiv şəkildə getməsinin  və xarici işlər nazirləri arasında görüşlərin tez-tez keçirilməsinin şahidi oluruq. Əvvəllər isə bu dərəcədə intensivlik yox idi. Qabaqlar belə görüşlər ildə iki-üç dəfə olurdusa, son yarım ildə artıq üçüncü görüşün keçirildiyini görürük.

Yayın sonlarına doğru daha bir görüşün olacağı planlaşdırılıb. Bu istiqamətdə görüşlərdən biri Moskvada, sonuncusu isə Vaşinqtonda olub. Məlumatlara görə müzakirə olunan məsələlər sırasında bu və ya digər şəkildə sülhməramlı qoşunların gətirilməsi məsələsinə də yer ayrılıb. Bu isə yalnız o vaxt baş verə bilər ki, işğal olunmuş torpaqlarımız qismən də olsa boşaldılsın, qaçqınlar geri qayıtsın və Dağlıq Qarabağa müvəqqəti status verilsin. Gündəlikdə məhz bu məsələ var. Sülhməramlı qüvvələrə gəldikdə, onların içində NATO qüvvələri və Rusiya da ola bilər. Ermənistan NATO-ya işarə verir ki, bu məsələdə də onlarla əməkdaşlığa hazırdır. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ümumiyyətlə İrəvan tərəfindən müxtəlif gedişatların edildiyini görürük. Qarabağa erməni xarici işlər nazirinin etdiyi son səfərini də son danışıqlar prosesinin məzmunu ilə əlaqələndirmək olar. Burada girovların qaytarılması, yaxud da ailələrinin onlara baş çəkmələrinə icazə verilməsinin təmin edilməsi məsələləri yer alıb. Qarabağda iki əsas girovumuz saxlanılır. Ola bilər bu istiqamətdə İrəvan Qarabağın separatçı rejimi ilə məsləhətləşmələr aparır və ona görə də Mnatasakanyan Xankəndinə gəlib. Qarabağdakı klana bağlı rejim sərt mövqe sərgiləyir, onlar girovların nəinki qaytarılmasına imkan vermir, hətta yaxınların onlara baş çəkməsinə əngəl olurlar. Azərbaycan isə təklif edib ki, bütün girovlar hamının hamıya prinsipilə qaytarılmalıdır. Düşünürəm ki, Mnatasakanyan məhz bununla bağlı danışıq aparmaq üçün Xankəndində olub.

Yeri gəlmişkən onu da qeyd edim ki, son illər iki girovun bir-birilə dəyişdirilməsi məsələsində müsbət presedent yaranıb. Bütün hallarda bu aktivlik Dağlıq Qarabağ prosesinin tənzimlənməsi ətrafında aparılan danışıqlarla sıx bağlıdır. Nəsə hazırlanır, hansısa çiy olsa da, təkliflər var. Bu təklifləri reallaşdırmaq üçün də tərəflər götür-qoy edirlər. Azərbaycan tərəfində bu məsələdə problem yoxdur. Çünki proses vahid məkandan idarə olunur. Ermənistan tərəfdə isə bu istiqamətdə də mürəkkəb vəziyyət hökm sürür. Ona görə ki, Dağlıq Qarabağdakı separatçı rejim İrəvandakı hökumətlə müqayisədə bir qədər fərqli düşünür. Bu səbəbdən görünən odur ki, ermənilər arasında məsələ ətrafında daxili ziddiyyətlər mövcuddur. Bu ziddiyyətləri tənzimləmək üçün də İrəvan rəsmiləri  belə səfərləri həyata keçirir”.

Politoloq Qabil Hüseynlinin fikrincə, son günlər Ermənistan tərəfdə baş verən bu olaylar gündəmi dəyişdirməyə yönəlik hərəkətlərdir: “Paşinyanın NATO baş katibinə yazdığı məktub saytlarda yayılıb və özündə xeyli dərəcədə həqiqət payını birləşdirir. Bu səbəbdən də Ermənistanda gündəmin əsasını təşkil etməkdədir. Ermənistanda bu fonda bəzi insanlar Paşinyanı Qarabağ torpağını satmaqda, xəyanətkarlıqda günahlandırmağa başlayıb. Belə olan tərzdə Paşinyan və komandası gündəmi dəyişdirməlidir. Bu müstəvidə Ermənistan baş qərargah rəisi Xankəndinə gələrək buradan Azərbaycan əleyhinə müxtəlif şüarlar səsləndirir. Ardınca Mnatasakanyan gələrək başqa fikirlər səsləndirir. O deyib ki, danışıqlar məsələsinin gündəliyində torpaqları qaytarmaq məsələsi yoxdur. Baş qərargah rəisi isə bildirib ki, orduları hücum istiqamətində formalaşdırılıb. Bu nöqteyi-nəzərdən Paşinyanın NATO baş katibinə ünvanladığı məktubda deyilənlər fonunda erməni rəsmilərinin Xankəndinə intensivləşən səfərləri gündəmi dəyişdirməyə hesablanmış addımlardır”.

Rüfət NADİROĞLU