Dərbənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhərin mərkəzi küçələrindən birinə böyük siyasətçinin adı verilib. Mövqe.az-ın məlumatına görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Dərbənd şöbəsi görkəmli dövlət xadiminin 90 illik yubileyi ilə əlaqədar şəhər rəhbərliyinə müraciət edərək küçələrdən birinin Heydər Əliyevin adını daşımasını təklif edib. Şəhər rəhbərliyi Azərbaycan icmasının müraciətinə baxdıqdan sonra Dərbəndin Sovet küçəsinin adının dəyişdirilərək Heydər Əliyev adlandırılmasına qərar verib. Şəhərin mərkəzində yerləşən və Heydər Əliyevin adını daşıyan küçədə dahi Azərbaycan şairi Nizami Gəncəvi adına park da var.
Qeyd edək ki, Azərbaycan və Dağıstan xalqları arasında tarixən mövcud olmuş dostluq münasibətləri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daha da inkişaf edib. Məhz bu qarşılıqlı isti münasibətlərin nəticəsi olaraq Bakının mərkəzi küçələrindən birinə Dağıstan xalqının qəhrəman övladı Şeyx Şamilin adı verilib. Mahaçkaladakı əsas küçələrdən biri isə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyır.