Masazır Duz zavodunda kustar üsulla hazırlanan duzların təhlükəsindən danışıldı

17 May 2013 19:45 (UTC+04:00)

2009-cu ilədək jurnalistlər bu məkana antisanitar şəraitdə, gölün ortasına toplanmış duz təpəçiklərindən reportaj hazırlamaq üçün üz tuturdular. Acanacaqlı olsa da, hələ üç-dörd il  bundan öncə gündəlik yeməkdə istifadə etdiyimiz duzun  böyük hissəsi Masazır duz gölündə antisanitar şəraitdə toplanaraq təmizlənmədən qabalaşdırılan xörək duzları idi. Artıq 2010-cu ildən etibarən isə ölkənin duz istehsalında müsbət bir dönüş baş verdi. Masazır duz gölünün yaxınlığında müasir, standartlara uyğun duz istehsal edən iri bir zavod inşa olundu. Bu gün də yolumuz sözügedən məkanadır. Masazır Duz zavoduna. Amma bu dəfə tamamilə fərqli bir niyyətlə, fərqli bir əhval ruhiyyədə. Çünki, artıq üç ildən çoxdur ki, bu məkanda nə duz təpəciklərinə rast gəlinir, nə dəki arabaya, maşınlara doldurularaq gizli sexlərə ötürülən duzla yüklənmiş maşınlara. İndi çəhrayı rəngə boyanmış, gözəl mənzərəli Masazır duz gölünün yaxınlığında xüsusilə gecələri maraqlı panaroma yaradan zavod var. Bura  "Azərduz" İstehsalat Birliyinin duz zavodudur. Bizi bu zavoda aparan hamar yolda söhbətimizə elə yoldan başlayırıq.  Masazır Duz zavoduna media turda bizə bələdçilik edən "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərovla söhbət zamanı öyrənirik ki, bu "Azərsun-Holdinq"in prezidenti Abdolbari Gözəlin təşəbbüsü ilə tikilib: " Zavoda getmək üçün qəsəbənin içərisindən keçən yoldan da istifadə etmək olardı. Amma cənab Abdolbari Gözəl həmin ərəfədə buna razı olmadı. Dedi ki, zavoda iritonajlı maşınlar gedib-gələcək. Qəsəbənin içərisindəki yoldan istifadə etmək uşaqlar üçün təhlükə yarada bilər. Odur ki, zavoda getmək üçün yeni yol salındı".

 Yolu başa vurub mənzil başına çatırıq. Burada bizi mehribancasına salamlayan zavod rəhbərliyi ilə söhbətimizə 43 saylı liseyin zavoda ekskursiyaya gəlmiş şagirdləri də şirinlik qatır. Şagirdlər  şirkətin istehsal etdiyi duz markaları ilə tanış olub yollanırlar zavoda. Biz isə zavod rəhbərliyi ilə söhbətimizi davam etdiririk. Jurnalistlərlə zavod nümayəndələrinin satışda olan duzlarla bağlı maraqlı diskusiyaları kiçik bir  labarotor müayinənin aparılması ilə sonuclanır. Burada Masazır duz zavodunun istehsalı olan "Azərduz" bazarda satılan başqa duzlarla müqayisə üçün yoxlanılır. Müxtəlif qablardakı, üzərinə su tökülmüş duzların dibinə çökmüş gil təbəqəsi və bulanıq rəng almış su jurnalistlərin marağına səbəb olur.  Zavodun müdiri Ceyhun Salmanov jurnalistlərə məlumat verərək bildirir ki, üzərinə su tökülmüş duzların suyunun bulanıq rəng almasına səbəb həmin duzların təmizlənib yuyulmadan qablara yığılmasıdır: "Bu fakt göstərir ki, satışdakı bu xörək duzları təmizlənmədən, göldən yığılaraq birbaşa qablaşdırılıb: "Bu duzlardan istifadə çox təhlükəlidir. Çünki, duz istehsal prosesi keçmədən qablaşdırılaraq satışa buraxılıb. Bu duzları üzərində istifadə müddətini 4 il göstərirlər. Əslində yodlaşdırılmış duz maksimum 9 aya istifadə olunmalıdır. Çünki, 9 aydan sonra onun tərkibindəki yod uçub gedir. Bundan sonra həmin duz nəm çəkməyə başlayır və onun heç bir keyfiyyəti qalmır".

C. Salmanov bu dozların müayinə zamanı tərkibinə yod qatılmadığını da vurğuladı.

Söhbətə qoşulan Afiq Səfərov öncə Masazır Duz Zavodunun yaranmasını vacib edən amillərdən danışdı. Bildirdi ki, 2005-ci ildə UNİCEF Azərbaycanla bağlı açıqlamasında ölkədə istehlak olunan duzun 75-%-də yod çatışmazlığını qeyd edib: "Uzun illərdən bəri süfrələrimizdə keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi isə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Bu səbəbdən 2006-cı ildə "Azərsun Holding" belə qərara gəlib ki, duz zavodu açsın: "Holdinqə məxsus Masazır Duz Zavodunun istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etmək və yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırmaqdır".
A.Səfərovun sözlərinə görə,bu gün "Azərduz" yerli tələbatı tam təmin etməkdədir: "Ancaq bizim məqsədimiz təkcə yerli bazarla məhdudlaşmır.
Əsas istəyimiz Avropa, Rusiya və qonşu ölkələrin duza olan tələbatını ödəməkdir. Hazırda "Azərduz" dünyanın bir neçə ölkəsinə ixrac edilir".

 A. Səfərov qonşu Gürcüstanla bağlı maraqlı məsələyə də toxundu. Dedi ki, əvvəllər Gürcüstan duz tələbatını Ermənistan vasitəsilə ödəyirdi. Lakin hazırda "Azərduz"un fəaliyyəti nəticəsində Gürcüstanda Ermənistan duzunun satılması demək olar ki, sıfıra enib. Tədbirdə yeni istehsal olunan duzlar da təqdim edildi. Onların sırasına sənaye, qeyri-sənaye duzu, yalama (heyvanlar üçün) və turşu duzları daxildir. Bundan əlavə, tərkibində yod olmayan duzlar da var ki, onlardan qış aylarında yolların buz bağlamamsı üçün istifadə olunur. Bunun üçün "Azərduz" "Azəryolservis" ASC və icra hakimiyyətləri ilə əməkdaşlıq edir. Daha sonra zavodla əyani tanış olan media nümayəndələri müəssisədə duzun istehsal prosesini əyani şəkildə müşahidə etdilər. Ziyarət zamanı müxbirlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlar ilə yaxından tanış oldular. Jurnalistlər həmçinin istehsalat, xammal əldə edilən sahələri və müasir texnologiyaların tətbiq edildiyi laboratoriyada oldular. Zavod mütəxəssisləri jurnalistləri geniş və ətraflı şəkildə məlumatlandırdılar. KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izlədilər. Onlar burada istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış oldular. Qeyd edək ki, bu otaqdan kompyuter vasitəsilə zavodun bütün fəaliyyətinə nəzarət olunur. Əgər haradasa cüzi bir nasazlıq varsa, dərhal kompyuterdə xəbərdarlıq işarəsi göstərilir. Xatırladaq ki, Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 21 iyul 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal etməkdədir. Dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodunda 130 nəfər işlə təmin edilib.