Yeraltı sulara zəlzələlərin təsiri intensivləşir

18 May 2013 08:17 (UTC+04:00)

Məlumdur ki, müxtəlif illərdə Naxçıvan, Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, İmişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd, Hadrut rayonlarının yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların kəşfiyyatı aparılıb və ehtiyatları təsdiq edilib.

Artıq bu gün də adı çəkilən ərazilərdən qaynaqlanan yeraltı sularından məişətdə geniş istifadə olunmaqdadır. Bölgələrimizdə qaynayan bulaqlar da başlanğıclarını onlardan alır. Amma zaman-zaman zəlzələ və digər texnogen hadisələr nəticəsində müxtəlif süxurların yerdəyişməsindən bəzi bulaq və kəhrizlərin tutulması da az olmayıb. Əvvəllər ərazilərimizdə vulkanlar tez-tez aktivləşibsə, son illərdə demək olar ki, vulkan püskürməsinə çox az təsadüf olunur. Amma bunu digər texnogen təbiət hadisələrinə, xüsusi ilə də zəlzələ üçün deyə bilmərik. Təbii ki, bu da həmin yeraltı suların məcralarını dəyişməsinə gətirib çıxarır. Burada həmçinin, havanın quraqlıq keçməsi də yerin altından qaynaqlanan bulaqların qurumasına təkan verən amil kimi göstərilir.

Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov bildirir ki, zəlzələ, vulkan və digər təbiət hadisələrinin yeraltı sulara təsiri olur: "Həmin hadisələr, yeraltı suların təzyiqini artıra, səviyyəsini aşağı və ya yuxarı qaldıra bilər. Bizdə yeraltı suların əsas hissəsi yer səthindən aşağıda formalaşır. Bəzi bölgələrdə isə təzyiqli sular fontan şəklində öz axını ilə yer səthinə çıxır. Ancaq sadaladığımız təbiət hadisələrindən sonra həmin hidravlikli rejimli yeraltı sular da itə bilir. Öz axını ilə yer səthinə çıxan sularn axını dayanır. Yer səthindən aşağıda olanların bəzilərinin səviyyəsi isə bu proseslərdən sonra qalxır".

Baş hidrogeoloqun sözlərinə görə, müxtəlif təbiət hadisələrindən sonra məhv olan bulaqlara çox təsadüf olunub: "Bulaqlar da əsasən dağlıq ərazilərdə olur. Bəzilərini nəzarətdə saxlamaq mümkün olmadığına görə, müxtəlif texnogen təbiət hadisələrindən sonra bulaqlardan tutulanı, quruyanı olub. Bu, həmçinin iqlimdən də asılıdır. Quraqlıq dövrü keçəndə, yağıntıların az olduğu zamanda bulaqların quruma ehtimalı var".

Professor Ənvər Əliyev isə bildirir ki, yerin altında çay olması mürəkkəb prosesdir: "Bu, hər yerdə ola bilmir. Adətən yeraltı sular olur. Yuyulmalar nəticəsində yeraltı sular yatım istiqamətində istiqamətlənirlər. Su keçirən layın, keçirməyən layla rastlaşmasından sonra həmin sular özlərinə yer axtarırlar. Onlar da müəyyən yerdə kəhrizlər, bulaqlar kimi, bəzən elə dənizin altından çıxırlar. Buna nümunə Nabran çimərliklərində bəzi yerdən çıxan buz kimi suları göstərmək olar. Onlar gələn şollar sularının bir hissəsidir ki, Böyük Qafqazın şimal - şərqindən axaraq, sınmalardan keçərək gəlib dənizdən çıxırlar. Bir hissəsi Abşerona da gəlir. Hətta Azərbaycan Dövlət Dram Teatrının tikintisində istiqamətlənmiş yeraltı sular müşahidə olunur. İçəri Şəhərdə olan kəhriz və quyular da bu axınların məhsuludur. Bu suların əsas toplanma prinsipi belədir ki, məsələn, Azərbaycanın Qərbində yeraltı artezian sularının dərinliyi 170 metrdirsə, Şərqə tərəf gəldikcə artıq onların yerləşmə dərinliyi 250 metrə qədər qalxır. Su da yuyulma yolu ilə hündürlük az olan istiqamətə axır. Kiçik Qafqzın özündə də yeraltı sular var ki, onlar vulkanik süxurlardan keçərək, bulaq şəklində çıxırlar. Onlardan da məişətdə və hətta keçmişdə soyuducu kimi istifadə edirdilər. Bualqlar yeraltı çay dediklərimizin çıxım nöqtələridir. Elə tək Naxçıvanda 2200-dən artıq bulaq qeydə alınıb".

Ənvər Əliyev onu da əlavə etdi ki, yeraltı su ehtiyatlarına zəlzələ, vulkanların təsiri var: "Bulaqların tutulması əsasən bundan baş verir. Hətta elə vaxtlar olur ki, həmin hadisələr yeraltı suların məcarasını tamam dəyişirlər. Yerin atında baş verən bu cür hadisələr müəyyən bulaqların gözünü tuta bilər. Amma bununla yanaşı, yeni bulaqlar da meydana gəlir. Elə Böyük Qafqaz dağlarının özü ildə 2 sm böyüyür. Özü də Qərb tərəfi daha çox qalxır. Ona görə də çaylar istiqamətini Şərqə doğru çevirirlər".