Abituriyentlərin ərizələrinin qəbulu və təsdiqi başa çatıb

18 May 2013 11:05 (UTC+04:00)
Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin ərizələrinin qəbulu və təsdiqi başa çatıb. Mövqe.az-ın xəbərinə görə, ali məktəblərə sənə qəbulu aprelin 9-dan, ərizələrin təsdiqi isə aprelin 15-dən başlanıb. Abituriyentlərin ərizələrinin təsdiqi üçün yaradılan Sənəd Qəbulu Komissiyalarının (SQK) fəaliyyəti bu gün saat 17:00-da başa çatıb.



Bu il qəbul qaydalarına edilən dəyişiklərə əsasən, ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək SQK-na müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər. Onların ərizələrinin qəbulu və təsdiqi prosesi isə gecə saat 12-də bitib.



Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də, II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 28-də keçiriləcək. Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqustda, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə və orta ixtisas təhsili müəssisələrinin (tam orta təhsil bazasında) müsabiqəsi və yerləşdirilməsi 18-22 avqustda aparılacaq.