Yol qəzasında həlak olan hərbçilərin sayı 5-ə çatıb
18 May 2013 13:19 (UTC+04:00)
Qəza zamanı aldığı xəsarətlə xəstəxanaya
yerləşdirilən Elbəy İsmiyev orada dünyasını dəyişib.
Azərbaycanda baş verən yol qəzasında həlak olan hərbçilərin sayı 5
nəfərə çatıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən
məlumata görə, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən
İsmiyev Elbəy Ədalət oğlu orada dünyasını dəyişib. Digər
yaralıların vəziyyəti isə ağır olaraq qalır.
Baş vermiş qəza hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırma
aparılır.
Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb.
Daxili Qoşunların hərbçisi Seymur Əliyevin idarə etdiyi "RAF"
markalı maşın qəzaya uğrayıb. Nəticədə sürücü və maşında olan
Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları
Ayaz Bayramov, Rəşad Adıgözəlov və Elmir İsmayılov aldıqları
xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya
yerləşdirilib.
Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü
İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz
Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu,
Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə
İsmayıl Bəhaləddin oğlu.
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova
APA-ya açıqlamasında bildirib ki, qəzaya uğrayan "RAF" markalı
maşın ölən hərbçilərdən birinə məxsus olub: "Həmin maşın hərbi
maşın olmayıb".
T. Məmmədova qəzanın baş verməsinin səbəblərini də açıqlayıb: "Qəza
hərbçilər işə gedən zaman baş verib. Qəzaya havanın yağmurlu olması
nəticəsində yolun sürüşkənliyi və avtomobilin təkərində baş verən
nasazlıq səbəb olub. Qəzaya uğrayan avtomobildə ümumilikdə 11 nəfər
olub və nəticədə onlardan hadisə yerində 4-ü dünyasını dəyişib.
Digər sərnişinlər isə müxtəlif xəsarətlərlə xəstəxanaya
yerləşdiriliblər".