Bu gün qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı başa çatır

20 May 2013 11:07 (UTC+04:00)
Bu gün Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, iştirakçıların qeydiyyatına mayın 1-dən başlanıb və müddət bu gün yekunlaşır. Seçmə turlar mayın 1-dən mayın 20-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində TQDK tərəfindən yaradılmış QİK-lərdə keçirilir. Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı iyulun 18-24-də, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul - 1 avqustda, İdman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul - 12 avqustda keçiriləcək