Avstriya ilə Azərbaycan arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində qarşılıqlı əlaqələr genişləndirilir

11 İyul 2019 13:16 (UTC+04:00)

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair 2018-ci il 6 iyulda imzalanan Anlaşma Memorandumu çərçivəsində Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun nümayəndə heyəti iyulun 11-də Əmlak Məsələləri Dövlət Komitəsində olub. Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov və Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti cənab Vernherr Hoffmann iştirak ediblər.

Tədbir zamanı Azərbaycan və Avstriyada daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər müzakirə edilib, qarşılıqlı faydalı texniki yardım imkanları üzrə, həmçinin milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak idarəçiliyində, o cümlədən daşınmaz əmlakın kadastrı sahəsində genişmiqyaslı işlər həyata keçirilir, mühüm nailiyyətlər əldə edilir. Komitə tərəfindən bu sahədə mövcud dünya təcrübəsinə söykənən yeni texnologiya və idarəetmə üsulları tətbiq edilir və qanunvericilik bazası təkmilləşdirilir.

Ölkə başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanının icrası istiqamətində Komitə bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və elektron informasiya sisteminin yaradılması istiqamətində işlər aparır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi dünya təcrübəsi öyrənilir, prosesə beynəlxalq ekspertlər cəlb olunur. Torpaqların kadastr uçotu ilə bağlı məlumat bankının yaradılması torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, torpaqların dövlət idarəçiliyinin təkmilləşdirilməsinə imkan verir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq Milli Məkan Məlumatlarının formalaşdırılması istiqamətində də işlərin aparıldığını komitə sədri vurğulayıb. Milli Məkan Məlumatları infrastrukturu məkan məlumatlarının əldə edilməsi, emalı, saxlanması və istifadəçilərə təqdim edilməsi ilə bağlı əlaqələndirilmiş sistemdir.

Görüşün əhəmiyyətinə toxunan komitə sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq kadastr sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə, məsləhət xidmətlərinin göstərilməsinə imkan verir.

Daha sonra çıxış edən Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti cənab Vernherr Hoffmann bildirib ki, ikitərəfli əməkdaşlıq daşınmaz əmlakın kadastrı və coğrafi informasiya sistemi sahəsində müvafiq normativ bazanın təkmilləşdirilməsinə, məlumat mübadiləsinin reallaşmasına, bu sahədə əldə edilən uğurların davamlı olmasına şərait yaradır.

Görüşdə ölkəmiz üzrə torpaqların elektron kadastr uçotu işlərinin gedişi barədə təqdimat olub. Bildirilib ki, artıq 37 rayonda elektron kadastr uçotu işləri yekunlaşıb. Bunların 26-da isə elektron kadastr uçotu işlərinin real nəticələrindən istifadə edilir. İndiyədək aparılan uçot işi 3,5 milyon hektara yaxın ərazini əhatə edir. Bildirilib ki, torpaqların elektron kadastr uçotu işləri nəticəsində respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasına nail olunacaq, əmlak üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək, o cümlədən torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək, əmlak üzərində dövlət nəzarəti mexanizmi daha çevik olacaqdır.

Görüş qarşılıqlı müzakirələrlə davam edib.