Türkiyəli ekspert: “Azərbaycanın Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi cəhdinə qətiyyətlə müdaxilə etmək haqqı var”

20 May 2013 11:44 (UTC+04:00)

"ASALA terror  təşkilatının yenidən səhnəyə çıxma cəhdləri ermənilərin 2015-ci ildə Türkiyəyə qarşı gücləndirməyə çalışacaqları böhtan kampaniyasının tərkib hissəsidir". Bu açıqlamanı APA-nın türkiyə bürosuna Bahçeşehir universiteti Strateji Araşdırmalar Mərkəzinin başqanı, terrorçuluqla mübarizə üzrə mütəxəssis Ercan Çitlioğlu verib.

 

APA-nın "Suriyada cərəyan edən proseslər ASALA terror  təşkilatının uzun müddətdən sonra başını qumdan çıxararaq Türkiyəyə qarşı açıqlama verməsinə də səbəb oldu. Bu terror təşkilatından uzun müddətdən bəri xəbər  yox idi, yenidən ortaya çıxmasını nəyə bağlayırsınız?" – sualını Ercan Çitlioğlu belə cavablandırıb: "Mən bunu ermənilərin 2015-ci ildə Türkiyəyə qarşı dünya miqyasında aparacaqları təbliğatın tərkib hissəsi kimi qiymətləndirirəm. Suriyada 400-500 min erməni var, Türkiyə də o ölkədəki bütün digər etnik ünsürlər kimi ermənilərin də demokratik mühitdə yaşamasını istəyir. ASALA terror təşkilatının bu ciddi-cəhdi bölgədə yaranmış vəziyyətdən istifadə edərək dünyanı Türkiyənin üzərinə qaldırmaq məqsədi güdür. Bu, Türkiyəyə qarşı bir şantajdır".

 

Xatırladaq ki, Suriyanın parçalanması durumunda oradakı ermənilərin bir qisminin Dağlıq Qarabağa köçürülə biləcəyinə dair iddialar var. Ecan Çitlioğlu bu iddiaları absurd adlandırıb: "Bu, tamamilə absurd bir şeydir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bütün dünya qəbul edib, BMT Təhlükəsizlik Şurasının torpaqların qeydsiz-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnaməsi var. Azərbaycanın ermənilərin nəinki Suriyadan, heç bir yerdən Dağlıq Qarabağa köçürülməsi, oradakı demoqrafik vəziyyətin dəyişdirilməsi cəhdinə qətiyyətlə müdaxilə etmə haqqı var. Dünya birliyinin də bunu qəbul etməsi mümkün deyil".

 

Təcrübəli mütəxəssis bölgədə yaranmış vəziyyətdən istifadə edərək ASALA terror təşkilatının yenidən fəallaşa biləcəyinə ehtimalını belə dəyərləndirib: "ASALA terror  təşkilatı 1975-85-ci illər arasında 35 Türk diplomatını şəhid edib, dünyada Türklərə qarşı bir çox terror aksiyası həyata keçirdikdən sonra aradan qaldırılıb. 90-cı illərin ortalarında ermənilər  qondarma "erməni soyqırımı" iddialarını dünyaya qəbul etdirmək üçün dünya parlamentlərində, bələdiyyə məclislərində  işlər görüblər. Mən ermənilərin bundan sonra Türklərə qarşı terror metodunda istifadə edəcəyinə ehtimal vermirəm".

 

Ercan Çitlioğlu Fransua Ollandın prezidentliyi dövründə qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı Ankara ilə Paris arasında gərginlik yaranması ehtimalına da münasibət bildirib: "O qanun layihəsinin parlamentdən keçməsində  sabiq prezident Sarkozinin şəxsi təşəbbüsləri də önəmli rol oynamışdı. Prezident Olland dönəmində eyni şeyin təkrarlanacağına inanmıram. Buna baxmayaraq, 2015-ci ilə gedən yolda ermənilərin dünya miqyasındakı təbliğatlarına qarşı yubanmadan tədbir görməliyik".