İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni
qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və
Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına
şəhadətnamələr təqdim edilib. Dövlət Komitəsi sədrinin müavini Səyavuş
Heydərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə
sağlam təməllər üzərində əsasını qoyduğu dövlət-din münasibətləri bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr müavini
vurğulayıb ki, dövlət siyasətinə çevrilmiş tolerantlıq və
multikulturalizm ölkəmizi dünyaya ən müasir və mütərəqqi cəmiyyət modeli
kimi təqdim edir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi
olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif
etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları,
dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi
şərait yaradılır. S. Heydərov dini icmalara fəaliyyətlərini
qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud
anlayış və harmoniyaya öz töhfələrini verməyi tövsiyə edib.
Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.