Heydər Əliyev Mərkəzində məşhur rəssam Endi Vorholun sərgisi keçiriləcək
20 May 2013 11:48 (UTC+04:00)
İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi
Vorholun (Andy Warhol) sərgisinin açılış mərasimi keçiriləcək.
Mövqe.az-ın məlumatına görə, bu barədə
bazar ertəsi Heydər Əliyev Mərkəzinin rəsmi saytında
(www.heydaraliyevcenter.az) məlumat verilib.
Sərgi Heydər Əliyev Mərkəzinin ABŞ-ın Endi Vorhol Muzeyi (Andy
Warhol Museum) ilə əməkdaşlıq layihəsi çərçivəsində təşkil
olunur.
Sentyabrın 9-dək davam edəcək "Life, death and beautiful" ("Həyat,
ölüm və gözəllik") beynəlxalq sərgisində müəllifin fotoları, kino,
musiqi, moda sahələrinın dünya şöhrətli ulduzlarının portretləri və
digər əsərləri nümayiş etdiriləcək.
Heydər Əliyev Mərkəzinin mədəniyyət sahəsinə dəstək göstərilməsi və
inkişaf etdirilməsi, eləcə də dünya mədəniyyətinin Azərbaycanda
tanıdılması, bu layihələr vasitəsi ilə ölkələr, xalqlar arasında
əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyəti
çərçivəsində keçiriləcək sərgidə rəssamın ümumilikdə 100-dək əsəri
təqdim olunacaq.
Qeyd edək ki, XX əsrin məşhur rəssamı Endi Vorhol 1928-ci ildə
doğulub. Fotoqraf və rəssam Endi Vorhol həm də rejissor kimi
fəaliyyət göstərib.
Pitsburqda (ABŞ) yerləşən pop-art uslublu Endu Vorhol Muzeyi
1994-cü ildə yaradılıb. Muzey fəaliyyətə başladığı ilk həftədən
ziyarətçilər arasında məşhurlaşıb. Belə ki, təkcə açıldığı həftə
ərzində muzeyə 25 min ziyarətçi gəlib. Endi Vorhol Muzeyində
rəssamın 900 rəsmi, 100 heykəltaraşlıq nümunəsi, 400 fotosu, 60
bədii filmi və s. əsərləri sərgilənir.