Gədəbəyin daha 3 kəndinə təbii qaz verilib

12 İyul 2019 15:12 (UTC+04:00)

Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə - Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərinə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən Movqe.az-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 88 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Bildirilib ki, qeyd olunan bölgədə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.