50 illik möhtəşəm zəfər tarixi

13 İyul 2019 08:00 (UTC+04:00)

Səmada ulduzlar milyardlarladır, amma parlaqlığı ilə seçilən ulduzların sayı azdır. Yerdən səma cizimlərini seyr edəndə məhz parlaq ulduzlar nəzərlərimizə bələdçilik edir. Dünya dövlətləri arasında Azərbaycana bələdçilik edən rəhbərlərimiz arasında ən parlaq sima məhz Heydər Əliyevdir. 50 il əvvəl Azərbaycan Respublikasının rəhbəri postuna seçilən Böyük Azərbaycanlı Heydər Əliyev rəhbərlik və böyüklük fəaliyyəti elə bir hədsiz müdrikliyə yüksəlib ki, ölkə səmasının əbədi parlaq ulduzuna çevrilib.

Ötən əsrin 31 ili Azərbaycan tarixinə “Heydər Əliyev dövrü” kimi daxil olub. Milli-mədəni tariximizdə özünəməxsus çalarlara və möhtəşəmliyə malik həmin dövr həm də Heydər Əliyevin zəngin irsi deməkdir. Çünki, məhz o illərdən Azərbaycan xalqının müstəqillik mübarizəsinin təməli qoyulub və bu yolda göstərdiyi  misilsiz xidmətləri ilə  hələ sağlığında böyük rəhbər canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb, siyasi və rəhbərlik fəaliyyəti ilə hər bir soydaşımızın ümidi olub.

1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın  birinci katibi seçilməsi ilə  respublikamızda canlanan ictimai-siyasi və əmək həyatı Azərbaycan haqqında nəinki  keçmiş ittifaqda, həmçinin xarici ölkələrdə yeni təsəvvülər formalaşdırdı. Azərbaycan yalnız ”Neft Bakısı” ilə deyil, öz qədim tarixi, zəngin mədəniyyəti, müasirliyə meyilli yüksək intellekti olan bir ölkədir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və perspektivdə tarixi istiqamətini müəyyənləşdirdi. 1969-cu ildən üzü ölkəmizin yaşadığı əlamətdar hadisələr Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycançılıq, Müasirlik, Davamlı inkişaf, Birlik, Sülh və dostluq gələcəyə gedən yolumuzun əsas cizgilərinə çevrildi.

Heydər Əliyevə öndərlik missiyası qazandıran ən böyük cəhətlər onun vətən adına ən xırda məsələlərdən tutmuş milli heysiyyətə qədər ən böyük hadisələrdə Azərbaycanın adını yüksək tutması, xalqımızın ləyaqətini və tarixən sərkərdəliyini ətrafındakılara təlqin etməsi idi. Böyük insanın fəaliyyətində kiçik ştrixlərin belə mənası həmişə böyük idi. Ümummilli liderin hakimiyyəti illərində onunla qarşılaşdığım ani mənzərələrin də böyük təəssüratları olub.

1975-ci ilin payızı idi. Universitetin jurnalistika fakültəsinin I kursunda təhsil alırdım. Həmin ilin oktyabrında Azərbaycanda Rusiya Federasiyasının Mədəniyyət Ongünlüyü keçirilirdi.

Bir gün fakültə komsomol təşkilatının katibi Əli Səmədov mənim də daxil olduğum 5 nəfərlik qrupu  mədəniyyət günlərinin açılışına dəvət etdi. Tədbir indiki Heydər Əliyev adına sarayda keçirilirdi. Zal ağzınacan dolmuşdu. Mədəniyyət və ədəbiyyat xadimləri, partiya və komsomol fəalları, ictimaiyyətin nümayəndələri, bir sözlə, o dövrdə üzdə olan insanlar salonda əyləşmişdilər.

Rəyasət heyətində əyləşməli olan şəxslər kulisdən səhnəyə daxil olanda Heydər Əliyev iri addımlarla öndə gəldi. Həmişə televiziya ekranlarından odlu-alovlu çıxışları ilə yaddaşıma həkk olunan respublika rəhbəri ilə bir salonda əyləşmək mənim üçün gözlənilməz idi. Çünki, onun əzəməti, böyüklüyü haqda çox eşitmişdim və mənim nəzərimdə rəhbərlə görüş təsəvvürə sığmayan qeyri-adi bir iş idi.

Heydər Əliyev ikicərgəli rəyasət heyətinin mərkəzində əyləşmişdi. Yanında da RSFSR-in mədəniyyət naziri oturmuşdu. Təbii ki, iclas rus dilində aparılırdı. Amma Bəxtiyar Vahabzadənin Azərbaycan dilində çıxış edib özünün “Yaxşı adam” poemasından bir parçanı ana  dilində oxuması biz gənclərdə ani olaraq paradoksal əhval yaratdı.  

Bir-birimizə pıçıldadıq ki, yəqin Rusiyadan gəlmiş böyük nümayəndə heyətinin, o cümlədən Moskvanın iri çinli məmurlarının iştirak etdiyi yığıncaqda hamının rusca danışmağı səbəbincə H.Əliyev onun çıxışını yarımçıq saxlayıb, kürsüdən düşürdəcək. Lakin gözlədiyimizin əksinə olaraq sərt baxışlı birinci katib bir söz demədi və B.Vahabzadə çıxışını bitirib alqışlar altında yerində əyləşdi. Sonralar Heydər Əliyevin Azərbaycan dilinin inkişafına  göstərdiyi qayğı, ana dilimizin dövlət statusunun yüksəldilməsi üçün göstərdiyi xidmətlər bizdə sovet dövründə Azərbaycan rəhbərinin stereotip fəaliyyəti barədə olan baxışları dağıtdı.

Heydər Əliyevlə ikinci görüşüm də təsadüfi və qəfil alındı. Deyəsən 1978-ci il idi. Sov.İKP MK siyasi bürosunun üzvü Yuri Kuznesov Azərbaycana səfərə gəlmişdi. O dövrdə jurnalistika fakültəsi İstiqlaliyyət (o vaxtkı Kommunist) küçəsindəki Əlyazmalar Fondunun binasında  yerləşirdi. Dərsdən çıxıb üzüaşağı Nizami muzeyinə doğru gedirdim. Nizaminin heykəli bərabərinə çatanda qəfil 5-6 metrlikdə MK-nın I katiblərinə məxsus “ZİL-117” markalı hökumət maşını dayandı və Heydər Əliyev maşından gümrahlıqla düşdü. Digər qapıdan isə Kuznesovu düşürdülər. Qəfil yaranmış panoramın gedişindən anladım ki, bu dayanacaq gözlənilməz olub. Çünki, müşayiətçi maşınlar və mühafizəçilər özlərini bir neçə saniyə sonra yetirdilər. Amma bu bir neçə saniyənin hökmü məndə böyük təəssürat oyatdı.

Cüssəli və əzəmətli Heydər Əliyevin yanında arıq və balacaboy Kuznesovun cılız görkəmi  qəlbimdə böyük fəxarət hissi doğurdu. Xəstəlikdənmi, qocalıqdanmı, ya bashqa bir səbəbdən çətinliklə hərəkət edən siyasi büro üzvünün qoluna girən bizim birinci katibin onu idarə etməsi, vizual üstünlüyünün diqtəsi, müəyyən mənada, vətənimizi işğalda saxlayan sovet imperiyasına qarşı biz-gənclərin hirs-hikkəsinə su çiləyirdi. Çünki, sovet təbliğat maşını “pantürkzm”i dəhşətli kabus kimi təbliğ etsə də biz Heydər Əliyevi həmişə türk olaraq qiymətləndirirdik. Hətta 1982-ci ildə onu Sov.İKP MK siyasi büro üzvü seçəndə də biz gənclər bir-birimizi “axır ki, siyasi büronun tərkibində bir nəfər türk də oldu” mesajı ilə təbrik etmişdik.

Ulu öndərin xalqın dərd-sərini daim diqqətlə saxlaması, xalq və dövlət üçün çalışanların əməyini daim qiymətləndirməsi rəhbər işçiyə xas böyük keyfiyyətdir. 1983-cü ildə işlə bağlı o illərn tanınmış alimi Qəni Məmmədovdan müsahibə götürmüşəm. Alimlə söhbət zamanı məlum oldu ki, ikimiz də eyni rayondanıq və eyni məktəbdə təhsil almışıq. Qəni müəllim uşaqlıq xatirələrindən səmimi fraqmentlər danışa-danışa Heydər Əliyevin fəaliyyəti barədə də ibrətamiz əhvalatlar danışdı: “Auditoriyada dərsdə idim. Xəbər gəldi ki, tənəffüsdə təcili rektorluğa gedim. Orada isə bildirdilər ki, hazırlaş, I katiblə görüşə gedəcəksən. Düzü, xeyli həyəcanlandım. O illər Bakıda tikilən binaların 80 faizinin konstruksiyasını mən verirdim. Fikirləşdim ki, yəqin tikintidə ciddi səhvlər olub, ona görə belə təcili çağırırlar. Birinci katib Heydər Əliyevin kabinetinə daxil olanda isə həyəcanım dərhal keçib getdi. Çünki, onun davranışındakı amiranəliklə yanaşı işgüzarlıq və müsahibinə münasibətlə ehtiram vardı. Bu da mənə toxdaqlıq verdi.

Hal-əhval tutandan sonra I katib dedi:-Moskvaya gedəcəksən. Bizim nümayəndəliyin binasını sökdürüb, yeni, 8 mərtəbəli müasir bina tikdirmək istəyirəm. Amma Moskvadan mane olurlar, deyirlər, xərc çox çıxmasın deyə, köhnə ikimərtəbəli binanın üstünü tikin. Siz bir alim kimi bu rusları başa salmalısınız ki, nuh əyyamından qalan binanın özülü 8 mərtəbəyə davam gətirməz. Xülasə, Moskvada alimlərə sübut etdim və məqsədə nail olduq.

Bakıda Heydər Əliyevə nəticəni məruzə edəndən sonra soruşdu:-“İşləriniz necə gedir, evdə-eşikdə vəziyyət necədir?” Təşəkkür edib, razılığımı bildirdim. Təkid etdi ki, yox, mənim məlumatım var, alimlərimizin təminatı o qədər də yüksək səviyyədə deyil, ancaq tədricən hər şey yoluna qoyulacaq: “De görüm, mənzil şəraitin necədir? Ailədə neçə nəfər var?” Biləndə ki, 3 otaqlı mənzildə evli oğlumla birlikdə yaşayıram, dərhal Baksovetin sədrinə zəng edib, mənə əlavə 3 otaqlı mənzilin verilməsini tapşırdı. Sonra:- “Gəlinlə bir mənzildə yaşamaq düzgün hal deyil”-dedi. Heydər Əliyev qədər adət-ənənə qədri bilən, insanların ehtiyaclarına həssaslıq göstərən, zəhmətkeşlərə qayğı ilə yanaşan rəhbərimiz olmayıb”.

Ümummilli liderin intellektual idarəetmə dairəsi genişliyi və zənfinliyi ilə həmişə seçilib.  Ziyalıların, mədəniyyət və elm xadimlərinin cəmiyyətdə rolunu və hörmətini yüksəltməklə onların yaradıcılıq və tədqiqatçılıq məsuliyyətini də yüksəltmək Heydər Əliyev dühasının stimulu idi. Çünki, xalq həmişə öz ziyalıları, tarixi, mədəni irsi, elmi fəaliyyəti ilə tanınır. Söz yox ki, xalqın tarix salnaməsində sərkərdələrin, siyasətçilərin də böyük rolu var. Ancaq üzdə olan həmişə mədəniyyət, elm, incəsənətdir. Heydər Əliyevin dövründə Azərbaycan paytaxtında və digər şəhərlərdə tariximizin məşhur simalarından Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin. Səttar Bəhlulzadənin, Əliağa Vahidin və başqa görkəmli  soydaşlarımızın abidəsi ucaldılıb. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə  Xan qızı Natəvanın abidəsi ucaldılıb. Həmin illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradılıb. Məxsusi bir qərarla, Moskvada xoş qarşılanmasa da,  repressiya qurbanlarının –  Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradılıb.

Müstəqillik qazanandan sonra xalqın tələbi ilə Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi tarixi zərurət idi. Mürəkkəb dövr idi, ölkə müharibəyə cəlb edilmişdi, məkrli xarici qüvvələr Azərbaycanı yenidən cilovlamaq üçün bütün imkanlarından istifadə edirdilər. İqtisadiyyat dağıdılmışdı, torpaqlar ermənilər tərəfindən işğal edilmişdi. Düşmənə sinə gərmək üçün bütün qüvvələri bir əldə cəmləyib, toparlanmaq lazım idi. Anvaq bu işləri görə biləcək lider yox idi. Belə bir şəxsiyyət yalnız Heydər Əliyev idi ki, onun da gəlişini əngəlləmək istəyənlər vardı. Çünki, Azərbaycanın birlik sərgiləməyi, ağır vəziyyətdən çıxmağı düşmənlərə, təbii ki, sərf etmirdi. Ancaq xalq nə istədiyini və kimdən nə umduğunu yaxşı bilirdi. Buna görə də əızmkarlıq göstərərək xalqı nicat yoluna çıxaracaq insanı, tarixin sınaqlarından həmişə üzüağ çıxmağı bacaran Heydər Əliyevi respublikaya rəhbər gətirdi və qərarlnda yanılmadı. Etimadı böyük ölçüdə doğruldan ulu öndər müstəqillik dövrünün memarı olmaq kimi tarixi bir vəzifəni də şərəflə yerinə yetirdi, xalqın ümummilli lideri olmağı bacardı.

Heydər Əliyev fenomeninin Azərbaycanın hərtərəfli inkişafı yolunda əsasını qoyduğu ictimai-siyasi və iqtisadi inkişaf istiqaməti, milli-mənəvi dəyərlərin qorunması və tərəqqisi, xalqın sosial rufahının yaxşılaşdırılması istiqaməti uğurla davam edir. Prezident İlham Əliyevin həm qanunlarla, həm də əməli fəaliyyətlə Azərbaycan dilinin saflığı və inkişafı sahəsində gördüyü işlər Ulu öndərin yaratdığı irsin məntiqi davamıdır. Dövlət başçısının və Birinci vitse-prezidentin mədəni irsimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi sahəsindəki xidmətləri ölçüyəgəlməz dərəcədə mühüm və humanist addımlardır. Bu əməllərdə Heydər Əliyev dəst-xətti aydın gprünür, ümummilli liderin millilik nvə beynəlmiləlçilik ruhu həyata keçirilən layihələrdə həssaslıqla ifadə olunur. Ölkəmiz, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yolu ilə gələcəyə doğru inamlı və sabit addımlar atır.

N.NOVRUZ