AİM internet hüququ və mədəniyyəti ilə bağlı təlimlərə başlayıb

20 May 2013 13:21 (UTC+04:00)

Avropaya İnteqrasiya Mərkəzinin mətbuat və informasiya xidmətindən Mövqe.az-a daxil olan məlumata görə, Avropaya İnteqrasiya Mərkəzi (AİM) dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2013-cü ilin "İKT ili" elan olunmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsildə İnternet hüququ və etikası təşəbbüsləri - Açıq Hökumətə dəstək" adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi respublikamızın ali məktəblərində İnternet huququ və etikası, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, Açıq Hökumətin təşviqi məsələləri ilə bağlı hüquqi maarifləndirmə işlərinin aparılması, eyni zamanda bu barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün əyani tədris vəsaiti – "İnternet hüququ və etikası" kitabının hazırlanması ilə ölkəmizdə təhsilin və elektron mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.

Layihə çərçivəsində ekspertlərin, jurnalistlərin, müəllim və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində "İnternet hüququnun və elektron media mədəniyyətinin əhəmiyyəti. Azərbaycanda İnternet hüququnun təşəkkülü" mövzusunda ilk seminar keçirilib.

Tədbirdə İnternetin cəmiyyət həyatında mühüm faktora çevirildiyi, qlobal və milli anlamda sosial-iqtisadi və hüquqi dəyişikliklərlə xarakterizə olunduğu qeyd edilmiş, bununla əlaqədar ictimai münasibətlərin yeni növü olan internet münasibətlərinin (virtual münasibətlərin) tənzimlənməsi üzrə qanunlar, proqramlar və inkişaf konsepsiyaları, innovativ dəyərlərin və xüsusi normativ-hüquqi sistemin tətbiqinin zəruriliyi vurğulanmışdır.

Seminarda Azərbaycanda Açıq Hökumətin təşviqi, elektron media, kibercinayətkarlığa qarşı mübarizə, müxtəlif növ elektron xidmətlərin göstərilməsi, elektron sənəd dövriyyəsi və rəqəmli imza, internetdən istifadənin digər hüquqi məsələləri ilə bağlı faydalı fikir mübadiləsi aparılmış, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.