10 abituriyentin nəticəsi ləğv olundu

20 May 2013 14:35 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 19-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd etdiklərinə,  imtahanın gedişinə mane olmaq istədiyinə və sual kitapçalarını dəyişdiyinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.