Azərbaycan diplomatiyasının növbəti Avropa zəfəri

16 İyul 2019 07:58 (UTC+04:00)

Azərbaycanın bir nömrəli problemi olmaq etibarı ilə Qarabağ münaqişəsinin həlli bütün beynəlxalq təşkilatlarda diplomatiyamızın əsas hədəfidir. Bir neçə gün əvvəl Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assambleyasının (ATƏT PA) 28-ci İllik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında Azərbaycan üçün olduqca əhəmiyyətli məqamların əks olunduğu Qətnamə qəbul olunub. Belə ki, irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunulub və məruzə əsasında təklif olunan Yekun Qətnamə müzakirəyə çıxarılıb.

Təbii ki, həmişə olduğu kimi bu dəfə də Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında, başqa sözlə, haqq-ədalət və şər-böhtan arasında Qətnamənin mətninin həqiqəti nə dərəcədə əks etditməsi uğrunda ciddi mübarizə gedib. Erməni tərəfi 30 ildir bütün lobbi və diaspor güclərinin iştirakı ilə yeritdikləri qəsbkarlıq planlarını “xalqların öz müəddəratını təyinetmə” prinsipi adı ilə qanuniləşdirməyə cəhd edirlər. Amma həmişə diplomatiyamızın simasında güclü maneə il qarşılaşır və məğlubiyyətə düçar olurlar. 
ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyasında da eyni ssenari davam edib, amma yenə gərgin keçən müzakirələrdən sonra qəbul edilən Qətnamədə Azərbaycan üçün xüsusi əhəmiyyətli məqamlar əks olunub. ATƏT PA razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu, heç bir şərt irəli sürmədən münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini növbəti qərarı ilə təsdiqləyib. Halbuki, hələ 2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edən Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalçılıq siyasəti aparmasını faktlarla sübut edib və bu siyasətin  nəticələrini avropalıların diqqətinə çatdırıb. Həmin sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altındakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər dəlillərlə izah olunub. Məhz bundan sonra digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələrdə Azərbaycanın haqlı tələbi nəzərə alınmış, postsovet ölkələrindəki münaqişələrlə bağlı vahid yanaşma formalaşmağa başlamışdır.

Lakin Ermənistan yetkililəri hər cür vasitədən istifadə edərək özlərinə haqq qazandırmaqdan əl çəkmək istəmirlər. Hətta bu ilin əvvəlində, guya yeni dövrün ab-havası ilə işə başlayan Ermənistanın baş naziri Nikol Paşinyan yenilik pərdəsi altında Qarabağdakı qondarma rejimi tam hüquqlu tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyirdi. Ancaq bu ilin martında Vyana görüşündə Prezident İlham Əliyevin aydın və qəti, eyni zamanda təkzibolunmaz arqumentlərlə əsaslandırılmış mövqeyi sayəsində ATƏT-in Minsk qrupu başda olmaqla bu iddia alt-üst edilərək rədd olundu. Bu dərslərdən nəticə çıxarmağı bacarmayan erməni nümayəndə heyəti öz mövqeyini qərəzkarlıqla davam etdirsə də, yenə Lüksemburqda diplomatiyamızın qarşısında acınacaqlı vəziyyətə düşdü.

İrlandiyalı deputat Alan Farrellin hazırladığı Hesabat və Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin davamlı həllinin hələ də tapılmaması ilə bağlı narahatlıq bildirilməklə yanaşı onların həllinin hüquqi bazasını təşkil edən sənədlərin siyahısı öz əksini tapıb. Azərbaycanın ərazisində davam edən münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri (1993), BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı Qətnaməsi, həmçinin ATƏT-in Minsk Qrupunun fakt araşdırıcı missiyasının 2005-ci ildə hazırladığı hesabatı və ATƏT PA-nın 2015-ci il Helsinki İllik Sessiyasında “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” haqqında qətnaməsi göstərilib. 
Bundan əlavə, Hesabatda qeyd edilib ki, “ATƏT PA, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində münaqişə tərəfləri arasında işlərin görülməsini, xüsusən humanitar sahədə addımların atılmasını və onların siyasi proseslərlə uzlaşdırılmasını, məsələn, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müvafiq bəndləri ilə götürülməsi qadağan olunmuş əsir və girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsini dəstəkləyir”. Cari ilin iyun ayında Ermənistan və Azərbaycan arasında baş vermiş girovların mübadiləsi fonunda bu məqam da xüsusilə aktual xarakter alır. Ərazisi 3 dəfə, əhalisi isə Dağlıq Qarabağdan təxminən 7 dəfə çox olan 7 ətraf rayonun bu sənəddə sadalanmasının əhəmiyyəti xalqımız və dövlətimiz üçün şübhə yaratmır. Bu müddəaları Assambleyanın sənədlərinə daxil etməklə ölkəmiz tarixi ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşmış olur.

 2017-ci il noyabrın 24-də Avropa İttifaqının sammitində yekun bəyannamənin “Şərq Tərəfdaşlığı” ölkələrinə dair hissəsində “Şərq Tərəfdaşlığı” üzv ölkələrinin ərazisindəki münaqişələrin dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi əsasında həllinə çağırış müddəası öz əksini tapıb. ATƏT PA-nın son qətnaməsində bu müddəanın yenidən dəqiq və aydın ifadə olunması bu kontekstdə dövlət başçımızın işləyib hazırladığı “hücum diplomatiyası” siyasətinin növbəti uğurudur.

N.NOVRUZ