Sabit, yoxsa dəyişkən məzənnə; hansı daha yaxşıdır?

17 İyul 2019 09:27 (UTC+04:00)

Azərbaycanda dollar manat kursu 2017-ci ilin aprelindən sabitdir. Artıq 26 aydan çoxdur ki, məzənnə 1,7 səviyyəsində qərarlaşıb.  Bu dövrdə Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə, Gürcüstan, Avropa Birliyi və digər ölkələrdə milli valyutaların dollara nəzərən məzənnəsində dəyişiklik müşahidə edilir. Həmin ölkələrdə məzənnə daha tez-tez dəyişir. Ölkəmizdə də ikinci devalvasiyadan sonra təxminən ilyarım dəyişən məzənnədən istifadə olunub. Ancaq 2017-ci ilin ikinci rübündən etibarən dəyişkən məzənnəni sabit məzənnə əvəzlədi.

Azərbaycan da yenidən dəyişkən məzənnəyə keçid etməlidirmi? İqtisadçı-ekspert Samir Əliyev deyir ki, məzənnə dəyişikliyi hər bir ölkənin öz iqtisadi vəziyyətinə uyğun formalaşır: “Son 10 ildə qlobal səviyyədə valyuta müharibələri anlayışı ortaya çıxıb. Bu termini ilk dəfə Brazilya prezidenti səsləndirmişdi. Valyuta müharibəsinin mahiyyəti odur ki, ayrı-ayrı dövlətlər öz valyutalarını süni surətdə ucuzlaşdırır. Burada məqsəd ölkənin ixracının artırılmasına nail olmaqdır.  Amma elə ölkələr var ki, onlar məcburiyyətdən milli valyutalarını ucuzlaşdırır. Məsələn, Türkiyə kimi. Türkiyədə iqtisadi vəziyyət yaxşı olmadığına görə lirə ucuzlaşır. Lirənin ucuzlaşması isə onların ixracını artırır və valyuta gəliri yüksəlir”.

Ekspertin sözlərinə görə, valyutanın ucuzlaşmasının və ya bahalaşmasının zərərli və faydalı tərəfləri var: “Ölkəmizdə 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Bunun iqtisadi və sosial fəsadlarını hamı gördü. Dollarla yığımlar artdı, banklar bağlandı, iş yerləri ixtisar olundu, qiymətlər artdı və s.. Amma bunun müsbət tərəfi də ortaya çıxdı. Kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyəti artdı. Əvvəllər özünüzün kartofu olduğu halda xaricdən aşağı qiymətə kartof idxal edirdik, yerli məhsulun istehsalına maraq zəifləmişdi. Çünki manat çox baha idi. Son illərdə isə yerli kənd təsərrüfatı mallarının istehsalına maraq artıb.  Dollar manat kursunun yüksəlməsi Azərbayanın qeyr-neft məhsullarının ixracına da dəstək verdi.  Hər bir halda milli valyutanın ucuzlaşdırılmasında məqsəd ixracı artırmaq, idxalı isə azaltmaqdır. Bunu adətən qeyri-neft sektoru üzrə yüksək ixracı olan ölkələr edir. Həmin ölkələrdə milli valyuta bir qədər ucuzlaşan kimi ixrac artır”.  

S.Əliyev söylədi ki, Azərbaycanda da eyni iqtisadi qanunlar işləyir. Lakin bizim qeyri-neft ixracımız çox böyük olmadığından məzənnə dəyişikliyinə həssas deyil. Onun məlumatına əsasən, devalvasiyadan sonra qeyri-neft ixracımızın 2013-cü il səviyyəsinə hələ bu il çatması gözlənilir. Azərbaycanın ticarət tərəfdaşlarında məzənnə dəyişikliklərinə tez-tez rast gəlindiyini qeyd edən ekspert həmin ölkələrdə milli valyutanın ucuzlaşmasının bizə mənfi təsir etdiyini, ixracımızı çətinləşdirdiyini bildirdi: “Müqayisədən görünür ki, manatın real effektiv məzənnəsi yüksələrək devalvasiyadan əvvəlki səviyyə çatıb. Artıq manat güclənib. Güclü manat isə qeyri-neft ixracına müəyyən çətinliklər yaradır”.

Bəs, bu vəziyyətdə Azərbaycan nə etməlidir? 

 

S.Əliyev hesab edir ki, Azərbaycan böyük miqdarda qeyri-neft malları idxal edən ölkə olduğundan idxal amili, idxal inflyasiyası nəzərə alınmalıdır: “Devalvasiyanın ardından bütün idxal malları, hətta yerli istehsal malları da bahalaşdı. Bu vəziyyət nəzərə alındıqda daxildə inflyasiyanın tənzimlənməsi üçün dollar manat məzənnəsinin sabit qalması önəmlidir. Əgər bizdə məzənnə dəyişərsə qiymətlərə ciddi təsiri olacaq. İki ildən artıq müddətdə manatın məzənnəsinin sabit qalması hesabına idxal inflyasiyasının qarşısı xeyli alınıb. Eyni zamanda ölkəmizdə inflyasiya səviyyəsi təkrəqəmli səviyyədə qorunur.  Təcrübə göstərir ki, Azərbaycan iqtisadiyyatında məzənnə dəyişikliyinin iqtisadiyyata təsiri daha çoxdur. Bu baxımdan mən Mərkəzi Bankın sabit məzənnə siyasətini başa düşürəm, anlayıram, hətta hesab edirən ki, bu, düzgün addımdır. Vəziyyətin təhlili göstərir ki, hazırkı şərtlərlə manatın ucuzlaşması və ya bahalaşması bizim üçün faydalı deyil. Sabit qalması yaxşıdır. Bu halda həm biznes qiymətlərə uyğunlaşır, sahibkarlar işini sabit məzənnəyə uyğun qurur, həm də qiymətlər kəskin dəyişmir.  Dollar manat məzənnəsinin məcburi dəyişməsi də ola bilər. Bu, neftin qiymətindən asılıdır. Əgər neft xeyli ucuzlaşarsa dolların bahalaşması qaçınılmaz olacaq.  Risklərdən sığortalanmaq üçün müəyyən tədbirlər görülməlidir. Bu məqsədlə iqtisadiyyatın, ixracın şaxələnməsi daha da gücləndirilməlidir. Neftin qiymətindən asılılır minimuma endirilməlidir.  Bu gün Mərkəzi Bank müdaxilə etməsə manat bahalaşacaq. Lakin neftin qiyməti kəskin ensə və uzun müddət aşağı səviyyədə qalsa yenidən dollar manat kursunun yüksəlmə ehtimalı var”.

Vasif CƏFƏROV