Sığortaya büdcədən pul ayrılır, amma istifadə edən yoxdur

17 İyul 2019 09:38 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın sığorta bazarına yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər aparır. Yeni məhsullardan biri də saxlanc yerlərində müvəqqəti saxlanan malların icbari sığortası ilə bağlıdır.

Bu haqda məlumatı Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib. Hazırda müvəqqəti saxlanılan malların sığortası könüllüdür. Yeni düzəlişlə nəzarət-buraxılış məntəqələrində, gömrük məntəqələrində və digər saxlanc ərazilərində saxlanılan sahibkarlara məxsus malların sığortalanması icbariləşdiriləcək. 

Bu sığorta məhsulunun icbari hala salınmasında məqsəd müvəqqəti saxlanc ərazilərində saxlanılan, sahibkarlara məxsus malların sığortalanması ilə bağlı problemlərin aradan qaldırılmasıdır. Belə yerlərdə məhsullarını saxlayan sahibkarların çox az hissəsi sığortaya müraciət edir. Hətta bu, kənd təsərrüfaıt məhsullarına da aiddir.

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bu sahədə icbari sığortanın tətbiqindən öncə sahibkarlarla, ticarətçilərlə məsləhətləşməyə, onların fikrini öyrənməyə ehtiyac olduğu qənaətindədir. O, qeyd etdi ki, gözlənilən yeniliklə bağlı onda hər hansı məlumat yoxdur: “İcbari sığortaya keçməmişdən öncə sahibkarlarla görüşüb məsləhətləşmə aparılmalıdır. Yeniliyi həyata keçirmək üçün düzgün nexanizm yaradılmalıdır. Mən tacirlər birliyinin rəhbəriyəm gözlənilən yenilikdən xəbərim yoxdur. Bu məsələ ilə bağlı heç olmazsa bir dəfə sahibkarlarla görüşüb fikir mübadiləsi aparılmalıdır, onlar məlumatlandırılmalıdır”.  

 

İdxal və ya ixrac edilən malların müvəqqəti saxlanc yerlərində olarkən sığortalanmasının əhəmiyyətli olduğunu bildirən S.Rəhmanov sığorta xərcinin tamamilə sahibkarların hesabına həyata keçirilməməsini məsləhət görür: “Xaricdən gətirilən malların hamısı sığortalanır. Əgər həmin mallar nəzarət buraxılış məntəqəsində müvəqqəti saxlandığına görə yenidən sığortalanacaqsa bu onlar üçün əlavə xərc olacaq. Sahibkar da həmin xərci malı bahalaşdırmaqla ödəyəcək ki, bu da iş adamı üçün əlverişli deyil. Ona görə də bu işlər məsləhətləşmə aparılaraq həyata keçirilməlidir. Sığorta xərcləri kimim hesabına ödəniləcək, hansı qaydada sığorta aparılacaq, sığortaçılar buna hazırdırlarmı? Mallar bəzən anbarlarda 3-5 gün qalır. Sığorta şirkətləri qəsamüddətli sığortaya razı olacaqmı? Bu kimi suallara aydınlıq gətirilməlidir”.

S.Rəhmanov dedi ki, ticarətdə icbari sığorta bir qədər qəliz məsələdir: “İstəyirlər ki, sistem yaxşı olsun. Amma bəzən işin gedişatı düzgün olmayanda səhvlər olur, əks nəticə verir.Ona görə də icbari sığorta məsələsinin tətbiqi, onun mümkün nəticələri proqnozlaşdırılmalıdır. Səhv mexanizm tətbiq etmək olmaz.

Gömrükdə saxlanc yerlərində o zaman mal saxlanılır ki, onun sənədində düzəliş aparılmalıdır. Qaydalara əsasən əgər şübhə yaranarsa həmin mal buraxılır, amma möhürlənir. İki-üç gün ərzində sənədlər qaydasına düşdükdən sonra gömrük satışı həyata keçirməyə icazə verir”.

Qeyd edək ki, müvəqqəti saxlanc yerlərində ən çox problem kənd təsərrüfatı malları ilə bağlı yaranır. Bu hal həm ixrac edilən, həm də idxal edilən mallarda özünü göstərir. Amma təəssüflər olsun ki, kənd təsərrüfatı mallarının ticarətini həyata keçirənlər onun sığortalanmasına əhəmiyyət vermir.

Azərbaycan azsaylı ölkələrdəndir ki, kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına dair 2002-ci ildə qanun qəbul edib. Bu qanun əsasında 2004-cü ildə Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən, starteji əhəmiyyət kəsb edən bitkiçilik məhsullarına görə sığorta haqqının 50%-nin ödənilməsini dövlət öz öhdəsinə götürüb. Hadisə baş verdikdə də dəymiş zərər tam ödənilir.
Buna baxmayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının sığortaya marağı olduqca aşağı səviyyədədir, demək olar ki, heç nəyi sığortalamaq istəmirlər. Bunun bir səbəbi odur ki, fermerlər aqrar sığorta barədə kifayət qədər məlumatlı deyillər. Məlumatı olanlar da sığortaya maraq göstərməmələrini maliyyə imkanlarının məhdud olmasıyla əlaqələndirir.
Bu səbəbdən kənd təsərrüfatı mallarının sığortalanmasının məcburi olması təklifi yaranıb. Kənd təsərrüfatı mallarının sığortalanmasının vacib olmasını göstərən əsas amil isə həmin məhsulların tez xarab olmasıdır. Bu məhsullar nəzarət-buraxılış məntəqələrində qaldıqda müəyyən səbəblərdən xarab ola bilər. Bu zaman sahibkar zərərə məruz qalır və sonradan həmin zərərin ödənilməsini istəyir. Kənd təsərrüfatı malları sığortalandıqda dəymiş zərəri sığorta şirkətləri ödəyəcək.

Onu da bildirək ki, mövcud qaydalara əsasən dövlət büdcəsinin vəsaiti hesabına sığortaya dair subsidiya sistemi tətbiq edilir. Dövlət büdcəsindən aqrasığortanın subsidiyasına illik 1 milyon manat ayrılır. Amma bu vəsait  istifadə olunmur və büdcəyə qayıdır. Ona görə bu istiqamətdə də təkmilləşdirmənin aparılmasına ehtiyac var.

 

Vasif CƏFƏROV