Beynəlxalq maliyyə qurumları manatla istiqraz buraxılışına start verir

20 İyul 2019 10:00 (UTC+04:00)

Azərbaycan qiymətli kağızlar bazarının tarixində ilk dəfə yerli valyutada beynəlxalq maliyyə institutlarının istiqrazları emissiya ediləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, Qara Dəniz Ticarət və İnkişaf Bankının ilkin mərhələdə ümumi məbləği 10 milyon manat olan istiqraz buraxılışı dövlət qeydiyyatına alınıb. Həmçinin, Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.

Palatanın şərhinə əsasən, adıçəkilən banka məxsus istiqrazların yerli valyutada Bakı Fond Birjasında emissiyası ölkəmiz üçün əlamətdar hadisədir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar Azərbaycanda sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək. Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutunun manatda istiqraz buraxması nəyin əlamətidir? Bu yeniliyin manata təsiri necə olacaq? 

Qiymətli kağızlar bazarı üzrə ekspert Hafiz Babalı hesab edir ki, bu, istənilən halda pozitiv addımdır: “Bir beynəlxalq maliyyə qurumu Azərbaycanda qiymətli kağız dövriyyəyə buraxır, onun yerləşdirilməsində maraqlıdır. Burada pozitiv hadisə ondan ibarətdir ki, yerləşdirmə manatla həyata keçirilir. Manatla yerləşdirmə sahibkarlara risk yaratmayacaq. Əgər dollar və ya avro ilə yerləşdirilsəydi, manatın məzənnəsinin dəyişməsi halında bu, sahibkarlar üçün böyük problemlər yarada bilərdi”.

H.Babalı qeyd etdi ki, bu, həm də ikitərəfli prosesdir: “Onlar öz vəsaitlərini yerləşdirməklə həm özləri qazanc görür, həm də Azərbaycana vəsait yönəldir. Bu, ilk hadisədir ki, xarici maliyyə institutu Azərbaycanda istiqraz buraxılışı həyata keçirir. İndiyə qədər nəinki manatla, hətta xarici valyutada da qiymətli kağız yerləşdirilməsi olmamışdı. Azərbaycanda qiymətli kağızlara sərmayə qoymaq qərarı həm bizim, həm də onların özünün istəyi, araşdırması nəticəsində baş verir. Həmin təşkilatlar maraqlı olmasa burada sərmayə etməzlər”.

Ekspertin qənaətincə, yerləşdirilən istiqrazın faiz dərəcəsi sahibkarlar üçün bir qədər yüksək olacaq: “Maliyyə Bazarlarına Nəzarət Palatası informasiyanı tam təfərrüatı ilə açıqlamayıb. Digər məlumatlara əsasən istiqrazlar 2 il müddətinə, illik 9,25 faizlə yerləşdiriləcək. Bu faiz dərəcəsi alan üçün yaxşıdır. Amma vəsaitin hansı faizlə sahibkarlara veriləcəyi bilinmir. Yəqin ki, 10 faizdən yüksək olacaq”.

Babalı dedi ki, gələcəkdə qiymətli kağızların emissiyası dəfələrlə artarsa, faiz dərəcəsi aşağı düşə bilər: “Çünki təklif artdıqca, onun faiz dərəcəsi də aşağı düşəcək və Azərbaycan daha ucuz vəsait əldə edə biləcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, xarici maliyyə qurumunun manatla qiymətli kağızlara sərmayə qoymasının simvolik mənası və dəyəri daha çoxdur. Onun sözlərinə görə bu fakt öz-özlüyündə maliyyə sisteminə inamın, güvənin göstəricisidir. O qeyd etdi ki, bir xarici maliyyə institunun manatla istiqraz buraxması digər xarici maliyyə institutlarına güvən siqnalı olacaq. “Faktın özü maliyyə sistemində müsbət dinamikanın olmasının, sabitliyin, Azərbaycan manatının güvənli valyuta olmasının göstəricisidir”, - söyləyən ekspert vurğuladı ki, gələcəkdə manatla qiymətli kağızlara yatırım artarsa bunun müsbət təsirləri daha hissedilən olacaq.

N.Cəfərli maliyyə sisteminə təsir baxımından emissiya edilən 10 milyon manatın az olduğunu da bildirdi. Onun fikrincə, manatla istiqraz buraxılışı gələcəkdə 15-20 dəfə artarsa maliyyə bazarlarına ciddi təsir olacaq: “Manatla yerləşdirilən istiqrazların maliyyə sisteminə təsiri onun həcmindən asılı olacaq. Gələcəkdə həcmin artması fonunda manata yatırım cəlbedici maliyyə alətinə çevrilə bilər ki, bu da ölkənin maliyyə sisteminə inamın artmasının göstəricisi olacaq.

Amma indiki alış həcm baxıçından Azərbaycanın maliyyə bazarlarına ciddi təsir imkanı yoxdur. Ən azından 150-200 milyon manatlıq dövriyyə, emissiya olmalıdır ki, bu cəlbedici maliyyə ələtinə çevrilsin. Gələcəkdə emissiya 50 milyon manata çatdırılacaqsa bunun özü da yaxşı göstərici olacaq. Əgər yaxın 1-2 ildə bunun daha çox artmasına nail olunarsa və manat sabitliyini qoruyacaqsa, gələcəkcə Azərbaycanın maliyyə sisteminə güvənin artmasının göstəricisinə çevriləcək.

Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən inzibatı qaydada tənzimlənir. Əgər manatın kursu uzun müddət sabitliyi qorunsa manata xarici investorların da marağı artacaq”.

Qeyd edək ki, Palatanın məlumatına görə Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə Azərbaycan qiymətli kağızları bazarında istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin Azərbaycanda sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub. Məlumata görə, bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilən yeniliklərin davam etdirilməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsinə çalışacaq.

 

Vasif CƏFƏROV