Azəri Günel əmisinin restoranında pərəstişkarlarıyla görüşdü – FOTOSESSİYA

5 May 2012 18:34 (UTC+04:00)

Bu gün məşhur müğənni Azəri Günel (Zeynalova) pərəstişkarlarıyla maraqlı görüş təşkil edib. Movqe.Az xəbər portalının məlumatına görə, Günelin görüşə təxminən 1 saat gec gəlməsinə baxmayaraq, tədbir maraqlı və yaddaqalan keçib. Belə ki, tədbirin əsas təşkilatçısı, Günelin Azərbaycan üzrə fan-klubunun rəhbəriRövşən İlknurun sayəsində təşkil olunan pərəstişkarlarla görüş paytaxtda yerləşən restoranların birində, açıq havada keçirilib. Günel məkana daxil olan zaman pərəstişkarlarıyla bir-bir görüşüb və hər bir pərəstişkarına səmimi və gülərüz münasibət bəsləyərək, demək olar ki, onların hər istəyinə layiq olmağa çalışıb.

Tədbir zamanı pərəstişkarlar Günelə gül buketləri və hədiyyələr veriblər. Günəl isə özüylə gətirdiyi yeni şəkillərini imzalayaraq, onlara hədiyyə edib. Üstəlik, Günel pərəstişkarlarıyla şəkil çəkdirməsi və şirniyyat süfrəsi arxasında söhbət etməsi onların ürəyincə olub.

Həmçinin Günel pərəstişkarlarını ətrafına toplayaraq, onlarla birgə tortu kəsiblər. Bu zaman pərəstişkarlardan biri tortun bir kiçicik hissəsindən götürüb, Günelə öz əli yedizdirdi. Bu da tədbirin maraqlı məqamlarında idi.

Ümumiyyətlə, görüşdən razı qalan Günel, Movqe.Az-a tədbir ilə bağlı danışdı: "Bu, xüsusi bir görüşdür. Əslində, bunu tez təşkil etməliydik. Amma qismət bu günə imiş və bu gün də təşkil etdik. Hər gəlişimdə söz verirəm və "Facebok" səhifəmdə yazıram ki, görüş olacaq, amma təəssüf ki, olmur. Bu dəfə söz verdim ki, Türkiyəyə getmədən pərəstişkarlarımla görüşəcəyəm və gördüyünüz kimi pərəstişkarlarımla bir yerdəyəm. Sumqayıtdan, Gəncədən və başqa yerlərdən gələn pərəstişkarlara çox təşəkkürümü bildirirəm. Gözəl bir görüşdür".

Səbəbkar onu da qeyd etdi ki, təşkil olunan görüşə pərəstişkarlarının az bir hissəsi gəlib. O, əmisinin rəhbəri olduğu restoranın xudmani olduğunu nəzərə aldığını söylədi: "Əslində çox insan gəlmək istəyirdi. Amma biz məkanı nəzərə alıb, hamını bura toplaya bilməzdik. Buranı bizim üçün ayırdığına görə, restoran rəhbərliyinə təşəkkür edirəm. Əmim bu məkanın rəhbəridir. Ona görə də istədik ki, biz görüşü öz məkanımızda təşkil edək. İnşallah, bir başqa vaxtda daha çox pərəstişkarlarla daha geniş görüş təşkil edəcəyik. Bugünki gün bizim üçün, şəxsən mənim üçün çox önəmlidir", müğənni dedi.

Azəri Günelin Azərbaycan üzrə fan-klubunun rəhbəri Rövşən İlknurla söhbətimiz zamanı məlum oldu ki, onun təşkilatçılığı ilə Günel Azərbaycan turnesinə hazırlaşır.

Qeyd edək ki, müğənni Azəri Günelin pərəstişkarlarıyla təşkil olunan tədbirdə əmisi Mahir Hüseynbəyli, böyük bacısı Müşərrəf və qardaşı, tanınmış müğənni-bəstəkar Tunar da iştirak edirdilər.

Fuad Mədətov

Movqe.Az