"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrin hazırkı sayı 1200-ə yaxındır. Bu tələbələrin bütün xərclərini dövlət ödəyir". Mövqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin III konqresindəki çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycanda müxtəlif sahələr üzrə kadrlara ehtiyac hələ də var və yaxın 15 il ərzində də hansı sahələrdə kadrlara ehtiyacın olacağı müəyyənləşməlidir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan beynəlxalq universitetlərlə əməkdaşlıq şəraitinin davam etdirilməsində maraqlıdır: "Bu proqram Heydər Əliyev siyasətinin davamıdır. 1990-cı ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə Heydər Əliyev tərəfindən Naxçıvandan 100-ə yaxın tələbə Türkiyəyə təhsil almaq üçün göndərilib. Naxçıvanın 25 il blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Dövlət Universiteti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Orda dünyanın bir necə ölkəsindən 200-ə yaxın tələbə oxuyur. Universitetin 75-ə yaxın beynəlxalq müqaviləsi var. Universitet həm də 5 beynəlxalq layihədə iştirak edir".