Masallı Rayon İcra Hakimiyyəti başçısı Xıl kəndi ərazisində səyyar görüş qəbulu-keçirib

26 İyul 2019 19:10 (UTC+04:00)



24 iyul 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Xıl kəndində keçirilmişdir. Səyyar görüş - qəbulda 150-ə yaxın kənd sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Rüxsarə Məmmədova, Əlövsət Sadıqov və başqaları kənd yolunun asfalt təmirinə ehtiyacı olması,  sosial yardım verilməsi barədə  və s. ilə bağlı məsələləri gündəmə gətirmişlər.
Görüş-qəbulda Xıl bələdiyyəsinin hesabatı dinlənilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.
Əlihüseyn Şükürov.