İmtahan suallarındakı qüsurlar nədən doğur?!

27 İyul 2019 09:00 (UTC+04:00)

İyulda müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlarda istifadə olunan sualların 29-da qüsur aşkarlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin açıqlamasına görə, qüsurlar texniki xarakterlidir. Yol verilən texniki qüsurların 20-si Azərbaycan bölməsində, 9-u rus bölməsində olub.

Texniki qüsura rast gəlinən suallar ümumi sualların 0,54 faizini təşkil edib. Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. M.Camalzadə qeyd edib ki, imtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq.

Təhsil üzrə ekspert Kamran Əsədov imtahan suallarında qüsurların olmasını ciddi nöqsan hesab edir. Onun fikrincə, qüsurların olması onu göstərir ki, imtahan prosesini həyata keçirənlər, imtahanı təşkil edənlər, test tapşırıqlarını hazırlayanlar bu məsələyə qeyri-peşəkar yanaşıblar.

“Test imtahanı bir həftə ərzində həyata keçiriləcək proses deyil. Ən azı 6-7 ay öncədən bütün test tapşırığı bazası, test tam formalaşmalıdır”, - deyən Əsədov bildirdi ki, suallar hazırlandıqdan sonra ekspertlər tərəfindən yoxlanılmalıdır: “Yoxlanılma bir neçə ekspert tərəfindən aparılmalıdır. Ekspertlərin hər biri suallara rəy verməlidir ki, sabah sualla bağlı səhv olanda kimin məsuliyyət daşıdığı bilinsin. Buraxılan səhv yalnız hər hansı bir rəqəm səhvi deyil. Burada məzmun səhvi, elmi səhv, uyğunsuzluq, yəni hər cür səhv baş verib”. K.Əsədovun qənaətincə, səhvlərin olması onu göstərir ki, imtahanla bağlı test bankı formalaşdırılmayıb, yoxlama aparılmayıb: “Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu fakt dövlət büdcəsindən imtahanın keçirilməsi üçün ayrılan vəsaitdən düzgün istifadə edilmədiyini də göstərir”.  

İmtahanın ağır bir proses olduğunu söyləyən ekspert bu presesə qeyri-ciddi yanaşmanın yolverilməz  olduğunu dedi: “Burada insanların taleyi həll olunur. Buraxılan səhvlər imtahan verəni nə qədər əziyyətə salır, o vaxt itirir, doğru cavabı tapmaqdan ötrü lüzumsuz yerə stress keçirir, narahat olur. Halbuki, səhv suallara görə vaxt itkisi olmasa, imtahan verən  digər sualların cavabının tapılmasına daha çox vaxt ayıra bilər. Vaxt itkisi onun digər sualları cavablandırmasına da mənfi təsir edir. Bu amillər imtahan verənən nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Buna görə də səhv suala verilən cavabı doğru kimi qəbul etməklə məsələ həllini tapmır”.      

K.Əsədov vurğuladı ki, Azərbaycanda və ya dünyada səhv sualların nisbəti ilə bağlı normativ yoxdur. Onun sözlərinə görə bir səhv suala görə də imtahan nəticəsi ləğv oluna bilər: “Elə bir normativ və ya praktiki təcrübə yoxdur ki, nə qədər sual səhv çıxarsa imtahan nəticələri ləğv edilməlidir. Əgər səhv varsa, ciddi şəkildə iş görülməlidir. Suallardan biri də səhv olsa, bu, böyük neqativ haldır. Səhvə heç bir halda haqq qazandırmaq olmaz. Bir suala görə imtahanın nəticəsi ləğv edilə bilər.

Məsələn, riyaziyyatdan bir sual səhvdir. İmtahan verən dəfələrlə onu həll edir, amma düzgün cavabı tapa bilmir. İmtahan verən bir suala görə yarım saat vaxt itirir və digər sualları cavablandırmaq üçün az vaxtı qalır. Onun həm vaxtı itir, həm də keçirdiyi gərginlik artır. Bu əhval-ruhiyyədə imtahan verən digər sualları doğru cavab verməkdə çətinlik çəkir, özündə inamsızlıq yaranır. Nəticədə digər suallara tam və dəqiq cavab verə bilmir, bununla bir səhvə görə imtahan verənin ümumi göstəricisi pisləşir”.

Vasif CƏFƏROV