Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin statistikasına əsasən, ilin əvvəlindən hazırkı vaxtadək Elektron hökumət portalına – www.e-gov.az müraciət etmiş istifadəçilərin sayı 202 586 nəfər təşkil edib.
Mövqe.az-ın məlumatına görə, bu dövr ərzində təxminən 192 min nəfər resursa kompüter və noutbuklarla, 10 mindən artıq insan mobil qurğular - planşet və smartfonlarla daxil olub. Qeyd etmək lazımdır ki, mobil qurğular arasında Apple şirkətinin iPad planşet kompüteri və iPhone smartfonu liderlik edir.
Bundan başqa, mərkəz mütəxəssisləri internet-resursdan brauzerlər üzrə istifadə statistikasını da açıqlayıblar. Belə ki, daha çox istifadə Google şirkətinə məxsus Chrome brauzeri ilə qeydə alınıb, ikinci və üçüncü yerdə müvafiq olaraq Opera və Internet Explorer qərarlaşıb, daha sonrakı yerləri isə Firefox və Safari brauzerləri tutub.