Nazir Sahil Babayev Göyçayda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib

26 İyul 2019 16:02 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Göyçay rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.

Ötən il Göyçay rayonunda 126 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramının iştirakçısı olub. Onlar proqramın ilk mərhələsi kimi təşkil olunan təlim kurslarında iştirak edib, özünüməşğulluq fəaliyyəti, kiçik biznesin təşkili və idarəedilməsi ilə bağlı zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları bitirdikdən sonra biznes-planlarına uyğun şəkildə mal və materiallar formasında aktivlərlə təmin edilib və kiçik ailə təsərrüfatlarını yaradıblar.

S.Babayev proqram iştirakçıları ilə görüşündə vurğulayıb ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin kiçik biznesə çıxışına geniş imkanları yaradıb. Proqrama cəlb olunanların sayı bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Əsas məqsəd ondan ibarətdir ki, həssas qruplar dövlətin bu aktiv dəstəyindən faydalanaraq rifah halını yaxşılaşdırsınlar və tədricən sahibkarlıq vərdişlərinə yiyələnsinlər.

Proqram iştirakçıları sosial sahədə aparılan uğurlu islahatlara, aztəminatlı ailələrə göstərilən böyük dəstəyə, eyni zamanda, işsizlikdən sahibkarlığa keçid imkanı yaradan özünüməşğulluq proqramının icrasına və genişləndirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.