Milli Məclis Aparatının rəhbəri vətəndaşların qanunvericilik hüququndan istifadə məsələsini şərh edib

30 İyul 2019 14:18 (UTC+04:00)

“Prezident İlham Əliyev 2003-cü ildən hakimiyyətə gəldikdən sonra ölkədə geniş miqyaslı islahatlar həyata keçirib. Bu islahatlarda Milli Məclis çox yaxından iştirak edib”.

Movqe.az xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O qeyd edib ki, son dövrlər ölkədə sosial, iqtisadi və hüquqi islahatlar daha da dərinləşib: “Buna misal olaraq insan hüquqlarının qorunması sahəsində atılan addımları göstərmək olar. Biz referendum yolu ilə konstitusiyaya dəyişiklik etmişik. Azərbaycan vətəndaşlarına qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ verilib. Bunun üçün 40 min nəfərin imzası toplanmalıdır. Lakin bu mexanizmin tam aydın olması, konstitusiyadan irəli gələn hüququn həyata keçirilməsi ilə bağlı xüsusi qanun qəbul olunmalıdır. Parlamentin yas sessiyasında məhz “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun I oxunuşda qəbul olunub. Bu onu göstərir ki, ölkədə həqiqətən demokratik islahatlar aparılır. Yəni 40 min vətəndaş birləşib hər hansı qanun layihəsini Milli Məclisə təqdim edirsə, bu layihə mütləq parlamentdə müzakirə olunmalı və qərar qəbul edilməlidir. Həmin layihənin qəbul edilib-edilməməsi sonrakı məsələdir. Ancaq bu məsələnin geniş müzakirəyə çıxarılması Azərbaycanda demokratiyanın güclü formada bərqərar olmasının bariz nümunəsidir”.

Aparat rəhbəri bildirib ki, parlamentin son sessiyasında iqtisadi sahədə qanunvericiliyə külli miqdarda dəyişiklik edilib: “Bu da ona görə edilir ki, ölkədə biznes mühiti yaxşılaşsın, sahibkarlara yaradılan süni maneələr aradan götürülsün. Bu cür qanunların qəbulu nəticəsində Azərbaycanın biznes reytinqi xeyli yüksəlib. Demirəm ki, bunların hamısı qanunların qəbulu nəticəsində mümkün olub. Əlbəttə, maliyyə sektoru bu sahədə çox böyük nailiyyətlər qazanıb. Lakin qanunlar olmasaydı, həmin nailiyyətləri göstərmək olmazdı. Təsəvvür edin ki, 190 ölkə arasında Azərbaycan əlverişli biznes mühitinə görə hazırda 25-ci yeri tutur. Keçmiş SSRİ ölkələri ilə müqayisədə isə Azərbaycan bu reytinqdə birinci yerdədir. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələr artıq 100 ilə yaxındır azad iqtisadiyyat şəraitində yaşayırlar. Azərbaycan isə buna 30 il yoxdur başlayıb. Əsaslı dəyişikliklər son 10-15 ildə həyata keçirilib. Bu, çox böyük nəticədir”.

“Sosial islahatlara gəlincə, uzun illərdəir şəhid ailələrin sosial təminatı uzanırdı. Qanun qəbul edilmişdi, lakin nəticə yox idi. Prezidentin bir sərəncamı ilə bu problem həll olundu. Bizdə illər boyu belə şikayətlər olurdu. Son zamanlar bu sahədə şikayət yoxdur, çünki problem aradan qaldırılıb. Əmək haqlarının artırılması ilə bağlı çox ciddi işlər görülüb. Bunu da sosial sahədə qanunvericilik islahatlarının bir nəticəsi kimi göstərmək olar”- deyə S.Mirzəyev əlavə edib.