Prezident Gürcüstanın daxili işlər nazirini qəbul edib

21 May 2013 17:31 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilini qəbul edib.


Mövqe.az-ın məlumatına görə, nazir vəzifəsində Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan İ. Qaribaşvili Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verdiyini deyib. O, Gürcüstanın yeni hökumətinin səyləri sayəsində ölkələr arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bütün sahələrdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirib.

 

İ. Qaribaşvili Gürcüstanın baş naziri Bidzina İvanişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Azərbaycanla Gürcüstan arasında qədim tarixi əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İ. Əliyev Gürcüstanın yeni hökumətinin ölkələr arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı Azərbaycanın da öz növbəsində ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi və geniş sahələri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Hüquq-mühafizə orqanları arasında əməkdaşlığa toxunan prezident İ. Əliyev cinayətkarlığa qarşı birgə mübarizəni və informasiya mübadiləsini daha da genişləndirməyin önəmini vurğulayıb.