JEK-lər özəlləşdirilə bilər

22 May 2013 08:55 (UTC+04:00)

Mənzil istismar sahələrinin (MİS) və ya əhali arasında JEK kimi məşhur olan qurumların fəaliyyətinə münasibət əvvəlki kimi birmənalı deyil. Əksər mütəxəssislər belə, hesab edir ki, ya bu qurumlar ləğv edilməli, ya da onların əhaliyə keyfiyyətli xidmətini təmin etmək üçün mənzil istismar sahələrinə ayrılan vəsait artırılmalıdır.

Vəziyyətdən çıxış yolu kimi başqa addımların atılması təklifi də gündəmdədir. Hətta belə fikirlər səslənir ki, ən yaxşı hal JEK-lərin özəlləşdirilməsidir. Məhz bu hal onların xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxarardı.

Xatırladaq ki, dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan MİS-lər 1959-cu ildə yaradılıb və SSRİ-də mənzil təsərüfatının ilkin həlqəsi hesab olunub. Bu qurumlar müvafiq ərazilərdə yaşayış evlərinin və xidməti binaların saxlanması üçün zəruri olan işlər yerinə yetirmək, zibil yığımı, yaşıllaşdırma, ərazinin təmizliyini təmin etmək və nəhayət yaşayış yerindən arayış vermək kimi xidmətlər göstəriblər. MİS-lərin fəaliyyəti son 2009-cu ilə qədər qüvvədə qalan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənib. Hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərir. Məsələn, paytaxt MİS-ləri Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommmunal Təsərüffatı Departamentinə tabedir.

Bəs bu MİS-lər onların üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirirlərmi? Araşdırmalar göstərir ki, əslində, onlar öz vəzifələrini bilirlər. Sadəcə, bu işləri yerinə yetirmək üçün kifayət qədər maliyyə vəsaitinin olmadığını söyləyirlər.JEK-lərin fəaliyyətinin lazımi səviyyədə olmaması bəzən izafi işlərin çoxluğu ilə əlaqələndirilir. Yəni ərazidə inşa olunan yeni binaların tullantılarını da köhnə MİS-lər təmizləyirlər. Halbuki, bu heç də onların vəzifəsi deyil. Yeni binaların komendatları isə əksər hallarda mövcud problemin hansı yolla həll olunacağı barədə hələ düşünmədiklərini deyirlər.

Bütün bunlara rəğmən, mənzil istismari sahələrinin hazırkı iş prinsipi qənaətbəxş deyil. Əksər ekspertlər MİS-lərin fəaliyyətində islahatların aparılmasını vacib sayırlar. Qeyd edək ki, bununla bağlı müvafiq layihə də hazırlanmışdı. Layinəyə görə dövlət MİS-ləri ləğ olunaraq yerində özəl JEK-lər yaradılmalı idi. Lakin hələlik bunun nəticələrindən dəqiq xəbər yoxdur. Ancaq hesab edilir ki, JEK-lər qalacağı təqdirdə onların özəlləşdirilməsi vacibdir. Məhz bu onların xidmət səviyyəsinin yüksəlməsinə gətirib çıxarardı. Digər bir təklifə görə isə mənzil istismarı sahələri ləğv olunmalı və əvəzində yeni idarəçilik sistemi yaradılmalıdır. Daha dəqiq desək, bu işləri yerli bələdiyyələr həyata keçirməlidirlər. Digər ekspertlər də bildirir ki, bələdiyyələr bəzən qanunları pozaraq öz öhdəliyini JEK-lərə həvalə edir. Vergi qanunvericiliyinə əsasən, bələdiyyələrin vergi yığımını JEK-lərə həvalə etməsi qanuna ziddir. Çünki Vergi Məcəlləsində qeyd edilir ki, dövlət vergilərini dövlətin vergi orqanları, yerli vergiləri isə bələdiyyələrin vergi orqanları yığır. Vergi orqanlarının səlahiyyətlərini bəzi hallarda (yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində) ancaq gömrük orqanları həyata keçirə bilər. Digər qurumun bu işə müdaxiləsi yolverilməzdir. Ümumiyyətlə, ekspertlər arasında yekdil fikir budur ki, JEK-lərin funksiyasını çoxmənzilli binaların sakinləri, ya mənzil mülkiyyətçiləri, ya onların müştərək cəmiyyəti və yaxud da bu işləri həyata keçirən ictimai təşkilat həyata keçirə bilər. Qeyd edək ki, JEK-lərin ləğv olunması və onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılıb və deputatlar JEK-lərin dövlət orqanı olmadığını bildiriblər. Məlumat verildiyi kimi, ombudsman Elmira Süleymanova da ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatların aparılmasını, mənzil istismar sahələrinin ləğv edilməsini və onların səlahiyyətlərinin bələdiyyələrə verilməsini təklif edib: "Ötən il 363 müraciət kommunal xidmətlərlə bağlı olub. Kommunal xidmətlərin aşağı səviyyədə təşkili mövcud problemləri daha da mürəkkəbləşdirir".

Xatırladaq ki, ölkədə 200-ə yaxın MİS var ki, onlardan da 150-si paytaxtda yerləşir.