Mehriban Əliyeva Fransa Milli Assambleyasında görüşlər keçirib

22 May 2013 11:20 (UTC+04:00)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərliyi altında nümayəndə heyəti Parisdə səfərdədir.


Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyeva mayın 21-də Fransa Milli Asambleyasına gəlib.


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Milli Assambleyasının sədri Klod Bartolone qarşılayıb.


Görüşdə Klod Bartolone Fransanın böyük dostu olan Mehriban xanım Əliyeva ilə görüşdən məmnun olduğunu qeyd etmiş, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayacağını bildirib. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Klod Bartolone Bakıda Fransız liseyinin tikilməsində Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.


Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyeva ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirmişdir. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun nəticələri barədə ətraflı məlumat verib.


Azərbaycanın birinci xanımı Fransada ölkəmizlə bağlı mədəniyyət tədbirlərinin keçirildiyini, Heydər Əliyev Fondunun bu layihələri davam etdirdiyini diqqətə çatdırıb.


Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyəti sonra Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşüb.


Söhbətdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, o cümlədən işçi qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.


Həmin gün Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan tərəfindən Fransa heyətinin şərəfinə şam yeməyi verilib.