Bakıda beynəlxalq qida sənayesi sərgisi başlayıb

22 May 2013 13:31 (UTC+04:00)

Bu gün Bakıda "WorldFood Azerbaijan-2013" Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi işə başlayıb.


Üç gün davam edəcək sərgi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "ITE Group plc." şirkətləri çıxış edir.


Mövqe.az-ın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, bu cür sərgilərin keçirilməsi qida sənayesi sahəsində əldə olunan uğurların nümayişi, bu sahədə digər ölkələrlə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi artırılır və bu sahədə sürətli inkişaf müşahidə olunur: "Bunun nəticəsi olaraq cari ilin ilk 4 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,8% artıb, ilin sonunda isə bu artımın 6-7%-ə çatacağını proqnozlaşdırırıq".


"ITE Group"un icraçı direktoru Edvard Strun isə bildirib ki, hər il sərgi daha çox sayda yeni iştirakçılar cəlb edir. Belə ki, bu il Azərbaycan, Rusiya, ABŞ və Türkiyə şirkətlərinin də daxil olduğu debütanlar ümumi iştirakçıların 45%-ni təşkil edir.


Qeyd edək ki, sərgidə 31 ölkədən 179 şirkət iştirak edir. Bu şirkətlərdən 63-ü yerli, 116-sı isə xarici şirkətlərdir. Sərginin ümumi sahəsi 3 480 kv. metrdir. Eksponentlərin ümumi sayının 38%-ni təşkil edən yerli şirkətlər sərgidə böyük fəallıq göstərir. Ötən illə müqayisədə sərginin sahəsi 47% artıb, həmçinin qida üzrə sərgi 27%, kənd təsərrüfatı sahəsi üzrə isə 82% artım olub. Sərgidə göstərilən ümumi ekspozisiyaların 38%-ni yerli, 62%-ni isə xarici şirkətlər tutur. Sərgidə ənənəvi olaraq, MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir.


İlk dəfə olaraq, "WorldFood Azerbaijan" sərgisində kommersiya təşkilatları ilə yanaşı, Latviya, Belçika və İranın milli qrupları da iştirak edəcək. Bu il sərginin tarixində ilk dəfə olaraq Özbəkistan və İordaniya şirkətləri də tədbirə qatılıb.


Xatırladaq ki, sərgi may ayının 24-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.