“Azərbaycan hakimiyyəti söz verir ki...”
6 May 2012 13:39 (UTC+04:00)
"Təəssüflər olsun ki, son vaxtlar qərb
mətbuatında Azərbaycanın həddən artıq qeyri-demokratik, siyasi
plüralizmin olmadığı, insan hüquqlarının pozulduğu, mətbuat, söz
azadlığının təzyiq altında olduğu barədə rəy yaradılır. Mayın 2-də
bununla bağlı Cenevrədə çox ciddi müzakirələr
keçirdik"
APA-nın məlumatına
görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə
görə, Avropa Yayım Birliyinə Azərbaycana təzyiqlər göstərməklə
bağlı çox ciddi basqılar var: "Bununla istəyirlər ki,
illərlə-aylarla xarici təşkilatların, daxildə bəzi qüvvələrin,
siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı
təzyiqlərinin reallaşmasına yardım göstərilsin, Azərbaycana təzyiq
göstərərək, bu və digər məsələlərdə onu güzəştə sövq etmək mümkün
olsun".
Ə. Həsənov bildirib ki, Cenevrədə çıxışları
zamanı tədbir iştirakçılarını Azərbaycanda söz-mətbuat azadlığının,
vətəndaş cəmiyyətinin, insan hüquqlarının vəziyyətinin Avropa
ölkələrinin heç birindən geridə olmadığına inandırmağa çalışıb:
"Lakin bəzi hallar var ki, heç bir cəmiyyət onlardan
sığortalanmayıb. Belə hallara qarşı mübarizə aparmaqda Azərbaycan
hakimiyyəti də qərarlıdır, mübarizə aparır, bundan sonra da
aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən
jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan
haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının
vəziyyəti normal olmalıdır".
Şöbə müdirinin sözlərinə görə,
Cenevrədə ümumi qənaət ondan ibarət olub ki, Azərbaycanda
keçiriləcək "Eurovision" yarışması siyasiləşdirilməsin, bu müsabiqə
hansısa proseslə əlaqələndirilməsin: "Azərbaycan hakimiyyəti də söz
verir ki, "Eurovision"u işıqlandırmaq üçün ölkəyə gələn bütün
jurnalistlərə normal şərait yaradacaq. Burada söz, mətbuat azadlığı
necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra
da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı
davam etdirəcək. Eyni zamanda jurnalistlərin peşəkarlaşması
istiqamətində də səylərimizi davam etdirəcəyik".