“Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük potensial var”

22 May 2013 16:02 (UTC+04:00)

 "Sirr deyil ki, Azərbaycanda peşə təhsili sahəsində istifadə olunmamış böyük bir potensial var. Dövlətimizin iqtisadiyyatı getdikcə inkişaf edir, yeni iş yerləri yaradılması nəticəsində peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyac getdikcə artır".  Mövqe.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Türkiyənin təhsil naziri Nabi Avcı ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, müasir məzmunlu tədris prosesi peşə təhsilinin adının sadəcə diplomda yazılmasını nəzərdə tutmur.

 

Nazirin sözlərinə görə, bu tədris prosesinin qurulması, özəl sektorla peşə təhsili arasında mexanizmlərin tətbiqi sahəsində Türkiyənin təcrübəsi böyükdür: "Ona görə də Türkiyə təhsil nazirinin Azərbaycana səfəri çərçivəsində konkret layihələrdən daha çox peşə təhsili sahəsində tədris prosesinə yanaşma, tədris prosesinin təşkili, onun iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması kimi məsələlər müzakirə edilib. Onların bu sahədəki təcrübəsini öyrəndik. Azərbaycan gələcəkdə də peşə təhsili sahəsində tədris prosesinin düzgün qurulmasında onların təcrübəsindən yararlanacaq".