II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir neçə ölkənin nazirləri iştirak edəcək

22 May 2013 17:10 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.


Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. 


Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırki və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, o cümlədən Mərakeşin mədəniyyət naziri Məhəmməd Amin Sbihi, Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Əbdülaziz bin Mohiyəddin Xoca, Suriyanın mədəniyyət naziri Lubanah Muşaveh, Mozambikin mədəniyyət naziri Armando Artur Joao, Tunisin mədəniyyət naziri Mehdi Mabrouk, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.