Nəriman Nərimanovun xatirə muzeyinin əsaslı təmirdən sonra yeni ekspozisiyası açılıb

22 May 2013 17:41 (UTC+04:00)

Mayın 18-də, Beynəlxalq Muzeylər Günündə yazıçı-dramaturq, dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı xatirə muzeyində əsaslı təmir və bədii tərtibat işlərindən sonra yeni ekspozisiyanın açılışı olub. Ekspozisiyada N.Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib.


Mövqe.az-ın məlumatına görə, tədbiri muzeyin direktoru Kamilə Hüseynova açaraq bildirib ki, xalqımızın görkəmli dövlət xadimi N.Nərimanovun xatirə muzeyi ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 6 noyabr 1977-ci ildə yaradılıb. Ötən müddətdə muzeyin ekspozisiyası zənginləşib. Eksponatlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur: "Muzeyə yeni eksponatlar almışıq. Elə bu günlərdə rəssam Oqtay Şıxəliyevin 1975-ci ildə çəkdiyi N.Nərimanovun portreti onun ailəsi tərəfindən muzeyə təhvil verilib. Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyimizdə "Açıq qapı" günü elan edilib, çoxlu ziyarətçilərimiz var".

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Muzeylər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Qeyd edib ki, UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə qeyd olunur: "Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan böyük iş aparılır. Bununla yanaşı, muzey işinin gücləndirilməsi, yeni muzeylərin yaradılması və onların yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yeniləşmə ölkəmizin tarixi-mədəni irsinin, bugünkü inkişaf səviyyəsinin təqdimatı baxımdan çox vacibdir. Yaxın gələcəkdə yerlərdə yeni tarix-diyarşünaslıq və ev-muzeyləri yaradılacaq. Bu layihələrin həyata keçirilməsində UNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bizə böyük dəstək olur". 


Nəriman Nərimanovun xatirə muzeyinin əsaslı təmirdən sonra yenilənmiş ekspozisiyalarının açılışını əlamətdar hadisə kimi dəyərləndirən Nazir görülən işləri təqdir edib: "Ekspozisiyalara baxdıqca bir anlıq da olsa, xəyalən keçmiş tariximizə qayıtdıq. Nəriman Nərimanov haqqında ötən əsrdə, elə indi də müxtəlif fikirlər mövcuddur. Ancaq hər şeydən əvvəl biz N.Nərimanovu düşünərkən, o dövrü də yada salmalıyıq. O, nə edibsə, Azərbaycanın xoşbəxt gələcəyi üçün edib. Amma sovet ideologiyası çərçivəsindən kənara çıxa bilməyib. Ona Azərbaycan haqqında düşündüklərini həyata keçirməyə imkan verməyiblər. Son anda vəzifədən uzaqlaşdırılıb. Onun siyasi və ədəbi yaradıcılıq fəaliyyəti bunu bir daha sübut edir. Azərbaycan xalqı öz tarixinə qiymət verir. N.Nərimanov kimi şəxsiyyətlərə, böyük dövlət xadimlərinə hörmətlə yanaşması xalqımızın böyüklüyüdür".

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin əməkdaşlarını təbrik edərək gözəl təmir-bərpadan sonra bu tarixi-mədəniyyət ocağının Nəriman Nərimanovun ömür yolunu dolğun əks etdirən məkana çevrildiyini vurğulayıb: "Biz gərək N.Nərimanovu olduğu kimi qədirbilən Azərbaycan xalqına tanıdaq. O, əsl azərbaycanlı olub". N.Nərimanovun gənc vaxtında vaxtilə böyük mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən diqqət və qayğı gördüyünü xatırladan akademik Tağıyev haqqında kitabı muzeyə hədiyyə edib.


AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, bu görkəmli şəxsiyyətin ev-muzeyinin belə gözəl tərtibatı xalqımız üçün böyük bir hədiyyədir: "Bu, həm də tariximizə işıq tutmaqdır. Xalq o zaman yaşayır ki, şəxsiyyətlərini qiymətləndirir. Ancaq N.Nərimanov kimi tarixi bir şəxsiyyətimizi gənclərimiz yaxşı tanımır. Bu yolda çox işlər görməliyik. O, 1920-ci illərdə xalqımızın başına gətirilən müsibətlərə cavab olaraq V.İ.Leninə məktub yazıb. Deyib ki, siz Azərbaycanı sarkisyanların, mikoyanların əli ilə idarə etmək istəyirsiniz?! N.Nərimanov Azərbaycan xalqının düşmənləri ilə çox çətin mübarizə aparıb. Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi görkəmli hərbçilərimizi mənfur ermənilərin əlindən alıb və qoruyub. Onun açıq mübarizəsi düşmənləri xoflandırıb və qorxuya salıb. Çox keçmir, vəzifədən uzaqlaşdırılır. Moskvaya aparılır və orada da məhv edilir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti vaxtı onun layiqli qiyməti verildi və şəhərimizin çox gözəl bir guşəsində möhtəşəm heykəli ucaldıldı. Nankor ermənilər o vaxt bundan çox narahat oldular. Havadarlarına - Moskvaya məktub yazdılar, xalqımızın bu görkəmli şəxsiyyətini millətçi adlandırmağa cəhd göstərdilər. Amma arzuları gözlərində qaldı. Vaxtilə yaşadığı ev indi onun xatirə muzeyidir. Bu muzeyi də Ümummilli Liderimiz yaradıb. Bu gün Prezident İlham Əliyev ölkəmizdə muzeylərin inkişafına, yeni muzeylərin yaradılmasına böyük diqqət göstərir. Azərbaycan qədim mədəniyyət və muzeylər ölkəsidir. Bu işdə Mədəniyyət və Turizm Nazirliyinin xidmətləri çox təqdirəlayiqdir".