MTRŞ serialları monitorinqə cəlb edəcək

23 May 2013 12:55 (UTC+04:00)

"Telekanalların çəkdikləri seriallar monitorinqə cəlb oluna bilər".Bu sözləri Movqe.az-a açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T. Dadaşovun sözlərinə görə, MTRŞ-da serialların ssenarilərini qiymətləndirəcək komissiya yoxdur. Amma T. Dadaşov bunun heç də telekanallara siqaret, narkotika, qəddarlıq və sair mənfi halları əks etdirən epizodların seriallarda nümayiş etdirilməsinə əsas vermədiyini söyləyir: "Seriallarda bəzən siqaret çəkməyi, narkotikdən istifadə etməyi, qəddarlığı təbliğ edən epizodlara rast gəlinir. Təbii ki, biz serialların ssenarilərini qiymətləndirmirik. Amma telekanallara belə hallara yol verməmələri ilə bağlı tövsiyyələr veririk. MTRŞ buna görə, serialı çəkən prodakşına irad bildirə bilməz. Çünki, seriallar artıq efir yayımçılarının öz məhsuludur. Telekanallar MRTŞ-nın tövsiyyələrinə əməl etməsələr həmin seriallar monitorinqə cəlb ediləcək. Ona görə də, telekanallar seriallarda cəmiyyətə mənfi mesaj ötürən epizodların yer almasının qarşısını almalıdır. Çünki gələcəkdə buna görə prodakşınlar yox, telekanallar məsuliyyət daşıyacaq".