Ombudsmana əlavə səlahiyyətlər verilə bilər
3 Aprel 2012 19:29 (UTC+04:00)
Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası
keçirilib. Milli Məclis sədrinin müavini, Təhlükəsizlik və müdafiə
komitəsinin sədri Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasda
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul
xidmətləri nizamnaməsi"nə dəyişiklik haqqında qanun layihəsi
müzakirə olunub. Əsgərov dəyişiklik barədə məlumat verərək bildirib
ki, nizamnamənin 5-ci maddəsinin 1-ci bəndinə təklif olunan əlavəyə
əsasən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) və Milli Preventiv Qrupun üzvləri istənilən vaxt
maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qarnizon hauptvaxtlarına
daxil olub orada saxlanılan şəxslə görüşə, onların həmin yerdə
saxlanılmasının qanuniliyini təsdiq edən sənədlə tanış ola
bilərlər. İnsan hüquqları üzrə müvəkkilə qarnizon hauptvaxtlarına
müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş
müddətdə cavab almaq hüququ verilir. Yeni qanun layihəsi müzakirə
olunub və təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.