Məleykə Abbaszadə 8 rayonun vətəndaşlarını qəbul edəcək

27 May 2013 11:59 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Göyçay şəhərində keçiriləcək qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Ağsu rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər, Şamaxı rayonunda keçiriləcək qəbulda isə Şamaxı, Qobustan, İsmayıllı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Göyçay şəhərində qəbul iyunun 5-də Göyçay Heydər Əliyev mərkəzində, Şamaxı şəhərində qəbul iyunun 7-də Şamaxı Heydər Əliyev mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə tel (020) 2746674) xahiş olunur.  Bundan əlavə, TQDK-nın Göyçay regional bölməsinin əməkdaşları qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Ucar, Kürdəmir, Ağdaş, Ağsu, Qobustan, İsmayıllı, Şamaxı rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.