Nazirlər Kabinetindən ettestat açıqlaması

27 May 2013 12:19 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabineti (NK) orta ümumtəhsil məktəblərində buraxılış siniflərində yekun attestasiyaya dair dəyişiklikləri açıqlayıb. Movqe.az-ın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nda edilən dəyişikliklərə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının), o cümlədən buraxılış imtahanlarının nəticələri ümumi təhsil haqqında dövlət sənədində əks olunacaq.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi müvafiq normativ hüquqi sənədlərdə dəyişikliklər edilməsini təmin etməlidirlər. "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nda edilən dəyişikliklərə əsasən isə, arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti "2" olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab edilirlər.  Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün ümumtəhsil fənni (fənləri) üzrə biliyi qiymətləndirilməyən, habelə tədris planında nəzərdə tutulmuş fənlər (peşə liseylərində ümumtəhsil fənləri istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi və təlimlərdə iştirak etməyən şəxslər ilk peşə-ixtisas təhsilini başa vurmamış hesab edilirlər.

 Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən şəxslər orta ixtisas təhsil pilləsini başa vurmamış hesab edilirlər. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə tələb olunan kreditləri qazanmayan və yaxud yekun attestasiyadan keçməyən şəxslər ali təhsilin müvafiq səviyyələrini başa vurmamış hesab edilirlər.