“Mən Azərbaycanlıyam” yarışması internetdə təşkil olunur
27 May 2013 14:41 (UTC+04:00)
İyunun 1-dən etibarən Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə ilk dəfə olaraq "Mən
Azərbaycanlıyam" milli bilik yarışması internet məkanında təşkil
olunacaq.
Mövqe.az-ın yarışmanın məqsədi milli-mədəni
irsimizin tanıdılması və təbliğidir. Yarışma iştirakçıları oyunun
www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə
yarışmaya qoşulma imkanı əldə edəcəklər.
Bu gündən - mayın 27-dən artıq yarışmada iştirak üçün veb-saytda
qeydiyyatdan keçmək mümkün olacaq.
Yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir ilk onluğa
düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə isə
mobil operatorların 10 manatlıq danışıq kartları təqdim olunacaq.
Ayın qaliblərinə iPhone və iPad, super finalın qaliblərinə pul
mükafatları veriləcək.
Super finalın qalibi əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil
olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin
İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı
ödənilə bilər.
Super final 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək
və bütün iştirakçılar Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən müəyyən olunmuş məkanda toplanaraq öz
aralarında yarışmaqla 3 qalib müəyyən olunacaq.