Bəzi banklarda əmanətlər üçün böyüyən təhlükə

27 May 2013 16:06 (UTC+04:00)

Məlumat verildyi kimi gələn ilin əvvəlindən ölkə banklarının nizamnamə kapitalı minimum 50 milyon manat həcmində olmalıdır. Bu fonda o da artıq qaçılmaz reallıq kimi çıxış edir ki, bir sıra banklar nizamnamə kapitalını 50 milyon manata çatdıra bilmədikərindən onların fəaliyyətinin dayanması qaçılmaz olacaq. Lakin bunun hansı banklar olacağı və buraya qoyulan əhalinin əmanətlərin taleyinin necə olacağı hələ dəqiq məlum deyil.

Məsələ ilə bağlı Mövqe.az-a danışan iqtisadçı-ekspert Nazim Məmmədov qeyd edir: "Fikrimcə, zaman darlığı ucbatından müxtəlif xoşagəlməz problemlər yaşana bilər. "Banklar haqqında" qanunda banklara nəzarət hüququ və lisenziyanın alınıb verilməsi ilə bağlı məsələ qanunvericiliklə Mərkəzi Banka verilib. Nizamnamə kapitalı 50 milyon manat olmayan bankalrın fəaliyyəti verilən vaxt bitdikdən sonra məhdudlaşdırılacaq. Əksər ölkələrdə belə üsullar tətbiq olunub. Əslində, bank fəaliyyəti çoxsaylı insanı və sosial qrupları əhatə edə biləcək fəaliyyət növüdür. Minlərlə əmanətçisi olan bankın fəaliyyəti zamanı problem yaransa, bu, sosial məsələdir. Ona görə də, Mərkəzi Bank həmin bankların arxivlərinə, balanslarına baxır. Əgər həmin bankların ya əmanətçilərlə, ya da ki, problemli kreditlərlə bağlı neqativ halları müşahidə olunarsa, bu zaman daha sərt addımlar atıla bilər. Banklara hər hansı güzəşt yox, əksinə, onaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər reallaşdırıla bilər".

Azərbaycanda 40-dan yuxarı bank var. Bu banklardan 15-i aktiv, normal fəaliyyət göstərir. Potensial olaraq 25-ə yaxın bank məhdud xidmət göstərir. Təbii ki, xidməti adekvat olsa, vətəndaşlar üçün bankların çox olması vacibdir. İnzibati formada bankl saylarının azaldılmasının da əleyhinəyəm. Mərkəzi Bank isə komersiya bankları üçün şərait yaradılmasına, onların maliyyə resuslarının təmin olunmasına diqqət ayırmalıdır. Şərait yaratmaq deyərkən daha çox koorporativ idarəetmə mədəniyyəti yüksək olan bankların öz resuslarını depozit şəklində qoymasınır və onları idarəetməyə verə bilməsini nəzərdə tuturam. Bu zaman bundan əhalinin müxtəlif kateqoriyaları yararlana bilər. İnzibati yollarla müəyyən addımları atan Mərkəzi Bank iqtisadi canlanmanı da həyata keçirməlidir.

O da məlumdur ki, ölkəmizdə əmanətlərin sığortalanması haqqında qanun var. Vətəndaşlar depozit qoyduqda onun sığortalanması ilə maraqlana bilərlər. 30 min manata qədər əmanətlər sığortalanır. Əksər banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Sığortalanma fondunun verdiyi məlumata əsasən, son vaxtlar bütün qoyulan əmanətlərin 64% -i sığortalanır. Bu o deməkdir ki, qoyulan əmanətlərdən 1 milyarda 800 milyon manat sığortalanmır və riskli əmanət ola bilər. Hansısa bankda problem yaşansa, təbii ki, qorunmayan əmanətlərin qaytarılması Sığorta Fondu tərəfindən baş verməyəcək və bu da vətəndaşın probleminə çevriləcək. Sığortalanmamış əmanətlər qaytarılmasa qanunvericiliklə vətəndaşlar fərdi şəkildə məhkəmələrə müraciət edə bilərlər. Bu da uzun prosesdir və bundan da əzab çəkən adətən vətəndaşlar olur".

İSİM-in iqtisadçı eksperti Rəşad Həsənov isə məsələ ilə bağlı bildirir: "Mərkəzi Bankın nizamnamə kapitalının minimum həddini artırma qərarı ümumilikdə müsbət addımdır. Belə ki, son zamanlar bank sektorunda baş verən neqativ hallar və "Royal Bank"ın iflas elan edilməsi, bu zaman bir cox xarici və daxili əmanətçilərin yaşadığı travma ölkədə bank sektoruna olan inamı ciddi şəkildə sarsıdıb. İndi böyük ehtimalla atılan bu addımın görünən tərəfi mövcud inamsızlığı bərpa etmək, bankların likvidliyini artırmaq və gələcəkdə əmanətlərin qorunan hissəsinin məbləğində dəyişiklər etmək olsada, görsənməyən digər nəticə isə sektora nəzarət imkanlarını artırması olacaq. Ümid edək ki, baş verən dəyişikliklər ölkə vətəndaşlarının və iqtisadiyatının xeyrinə işləyəcək.

Mərkəzi Bankı məlum tələbi 2014-cü ilin yanvar ayının birindən qüvvəyə minəcək ki, bu da bəzi bankların bağlanması ilə nəticələnəcək. Hazırda ölkədə fəaliyətdə olan bankların sayı 43 dür ki, 2014-cü ildə onlar təxminən 30-a qədər azalacaq. Belə ki, bəzi banklar qısa müddət ərzində öz nizamnamə kapitallarını 3-4 dəfə artırmaq imkanları real deyil və nəticədə bu kimi banklar öz fəaliyətlərini dayandıracaq. Lakin, bu vəziyətdən iki əsas çıxış yolu mövcuddur: 1. Kapitalı az olan bankların birləşməsi, 2. Hal-hazırda Mərkəzi Bank tərəfindən hazırlanan qanun təsdiq edilərsə, bankların kredit təşkilatlarına çevrilərək fəaliyətlərinin müəyyən bir qismini davam etdirmək imkanlarının olması ...

Lakin, mən təklif edərdim ki, bağlanma təhlükəsi olan banklarda əmanəti olan vətəndaşlarımız, əgər müqavilə şərtləri imkan verirsə, 30 min manatdan artıq olan hissəni geri tələb etsinlər. Bu halda banklar bağlandıqda belə qalıq 30 min onlara ödəniləcək. Ümumilikdə isə, 10-dan artıq bankın birdən bağlanması bu sahədə ciddi sıxıntılara səbəb olacaq. Yəni, vətəndaşların öz vəsaitlərini geri almaq imkanı ya olmaya bilər və ya ən yaxşı halda gecikdirilə bilər. Hesab edirəm ki, Mərkəzi Bankın qərarının qəbul edildikdən təxminən il yarım sonra qüvvəyə minməsi bu sahədə həm vətəndaşlara öz problemlərini həll etmək üçün və həm də baş bankın yarana biləcək neqativ halların qarşısını almaq istiqamətində özü tərəfindən hazırlıqların aparılması üçün zaman qazanmaq idi. Amma yenə də qeyd etmək istəyirəm ki, proseslər sancılı şəkildə keçəcək və vətandaşların bu zaman ən az zərər görməsi hökumətin qarşısında duran ən vacib məsələ olmalıdır".