Azərbaycanda qeydiyyatda 183 min 196 şəkər xəstəsi var

27 May 2013 18:55 (UTC+04:00)

"Azərbaycanda şəkərli diabet xəstəliyi riskinə aid insanların sayı azdır. 2012-ci ilin statistik məlumatına görə, qeydiyyatda 183 min 196 şəkər xəstəsi var". Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova söyləyib. Y. Sultanova bildirib ki, şəkərli diabet xəstəliyi riskinə aid olan insanlar ola bilər ki, gələcəkdə bu xəstəliyin daşıyıcıları olmasınlar: "Yəni bu o demək deyil ki, həmin insanların hamısı gələcəkdə şəkərli diabet xəstəliyindən əziyyət çəkəcəklər. Ümumiyyətlə, genetik olaraq bu xəstəliyin daşıyıcıları risk qrupuna aid edilir. Amma bu həmin insanların qidalanmasından, həyat tərzlərindən asılıdır. Ola bilər ki, həmin insanlar düzgün həyat sürdüklərindən bu xəstəlikdən uzaq qaçsınlar. Bunun üçün mütləq risk qrupuna aid insanlar idmanla məşğul olmalı, düzgün həyat tərzi sürməlidirlər".

Xatırladaq ki, bir neçə gün öncə Beynəlxalq Diabet Federasiyasının prezidenti Ser Maykl Hörst 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulduğu ilə bağlı həyəcanlı məlumat verib.