Boş mənzillər üçün əlavə vergi...

28 May 2013 08:25 (UTC+04:00)

Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayı kifayət qədər olsa da, hazırda bu sahədə tələbi qarşılayacaq sayda mənzil olmadığı danılmaz həqiqətdir. Lakin paradoks həm də ondan ibarətdir ki, mənzillərin sayının belə azlığına baxmayaraq, bu gün ölkədə boş evlərin sayı da yetərincədir.

Yeni tikilən binalarda hələ də müştəri yolu gözləyən mənzillərin sayına nəzər salmaqla da qeyd edilənlərin real təsdiqini görmək mümkündür. Düzdür, o da məlumdur ki, tələbatın yüksək olması fonunda boş mənzillərin sayının çoxluğunua qiymət amili birbaşa təsir göstərir. Yəni, mənzillərin qiyməti yüksək olduğundan onları alanların sayı azdır. Araşdırmalara görə, elə paytaxt Bakıda inşa olunan mənzillərin bir çoxunun təxminən 35-30 faizi boşdur. Hətta elə binalar var ki, burada mənllərin 50 faizində yaşayış yoxdur. Xüsusən də bu hallar geniş yayılıb ki, mənzil alan bəzi şəxslər əlavə evləri olduğundan burada yaşamır. Yaxud mənzil sahibi xaricdə fəaliyyət göstərir. Eləcə də bina sahiblərinin əlində hər zaman xeyli sayda boş qalan mənzillər olur və onların satılması bəzən illər çəkir.

Əslində, bu kimi hallar bir sıra xarici dövlətlərdə də özünü göstərir. Kataloniyada belə evlər üçün hökumət tərəfindən əlavə vergi tətbiq edilməsinə hazırlıq gedir. Məhz bu hal dövlət büdcəsinə əlavə vəsaitin daxil edilməsinə gətirib çıxaracaq. Eyni zamanda uzun müddət boş qalan mənzillərin binalar üçün yaratdığı fəsad aradan qalxacaq. Çünki belə olan halda boş mənzil sahibləri həmin evləri artıq müvafiq qiymətə kirayəyə verməkdə maraqlı olacaqlar. Bu isə öz növbəsində mənzil kirayə bazarında yaşayış üçün daha əlverişli sayılan evlərin sayının artmasına gətirb çıxaracaq. Xatırladaq ki, mənzillərin uzun müddət boş qalması onun yerləşdiyi bina üçün müəyyən fəsadlar yaradır. Xüsusən də bu mənzillər təmirsiz, necə deyərlər yalnız quru divardan ibarət olduğu halda bu fəsadlar böyüyür. Söhbət fiziki aşınmadan gedir. Məsələ burasındadır ki, insan yaşamayan, uzun müddət boş qalan mənzillər, əsasən də təmirsiz olanlar bina daxilində temperatur fərqi yaradır. Məhz bu fərq də binanın fiziki aşınmasını sürətləndirir.

Lakin boş mənzil üçün verginin Azərbaycanda tətbiqinin nə dərəcədə səmərəli olması da geniş şəkildə araşdırılmalıdır. Əksər ekspertlər isə belə verginin tətbiqini zəruri sayırlar. Çünki qeyd olunduğu kimi bu hal boş mənzillərin binalar üçün yaratdığı fəsadları əhəmiyyətli dərəcədə aradan qaldıra bilər. Belə hal kirayə bazarının da formalaşmasına təsir göstərmək iqtidarındadır. İndilikdə isə Azərbaycanda kirayə bazarı hələ formalaşmayıb. İstər tikinti şirkətləri, istər tikinti sektoruna banklar buna hazır deyil. Əmlak bazarı mütəxəssislərinin fikrincə, ev sahibləri mənzilləri kirayəyə vermək üçün onu istifadəyə yararlı hala salmalıdırlar. Eyni sözləri bina sahiblər haqdada demək olar. Bizdə mənzillər suvaqda satılır, mənzilləri kirayəyə vermək üçün təmir etməlidir. Bir mənzili kirayəyə vermək üçün orta hesabla 20 min manat pul xərclənməlidir. Bu isə bina sahibi üçün əlverişli deyil. O, həmin pulu çıxarmaq üçün mənzili kirayəyə versə, daha az xərcə düşər. Düzdür, artıq Azərbaycanda da bir neçə yeni tikilmiş binanın bu yolla kirayəyə verilməsi halı məlumdur. Kirayədən gələn gəlirlərin böyük hissəsi, vasitəçilik haqqını çıxmaqla, bina sahibinə çatır. Yeni tikilmiş binaların kirayəyə verilməsi təcrübəsi MDB ölkələrində də var. Rusiyada, Qazaxıstanda mənzillərin sosial kirayəyə verilməsi var. Sosial kirayə mənzillərin evi olmayan sakinlərə uzun müddətə ucuz qiymətə sakinlərə kirayəyə verilməsidir. Azərbaycan qanunvericiliyində bu nəzərə tutulub, amma sosial mənzil fondu formalaşmadığına görə mənzillərin bu cür kirayəyə verilməsi mümkün deyil.

Kirayəyə verilmiş mənzillərin satılması da mümkündür. Qeyd edək ki, mətbəx və sanitariya qovşağı ortaq olan kommunal mənzillərin satışı son illərdə Avropada, xüsusilə də Almaniyada geniş yayılıb. İnsanlar evdə yalnız yaşamamaq üçün belə mənzillərə üstünlük verirlər. Ölkəmizdə isə Mülki Məcəllədə kommunal mənzil haqqında müddəalar olsa da, Nazirlər Kabineti bunun həyata keçirilməsinin işlək mexanizmini hələ hazırlamayıb.