Fazil Məmmədov: Azərbaycanda elektron auditin tətbiqi genişləndirilməlidir
29 May 2013 14:04 (UTC+04:00)
Neft, bank və ticarət sektorlarında elektron
auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidənyayınma
risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması
nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının
həcmi təxminən 1,5 dəfə azalıb. Mövqe.az-in məlumatına görə, bunu
Azərbaycanın vergilər naziri Fazil Məmmədov çərşənbə günü
"Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Vergilər
Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin başa
çatdırılmasına həsr olunmuş təqdimatda bildirib.
Nazir deyib: "Bu isə ona dəlalət edir ki, e-auditin tətbiqi
sahəsində görülən işlər davam etdirilməli, tədricən e-auditin
tətbiqi genişləndirilməlidir".
Onun sözlərinə görə, elektron audit layihəsinin həyata keçirilməsi
ilə bağlı hazırlıq işləri 3 il əvvəl başlanılıb:
"2010-cu ilin may ayında tender keçirilib, Avropa İttifaqı
tərəfindən müvafiq maliyyə resursları ayrılıb. Tvinninq layihəsinin
tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilib
və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılıb".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland
Kobia tədbirdə bildirib ki, dünyada maliyyə çətinliklərinin
yaşandığı bir vaxtda Vergilər nazirliklərinin üzərinə böyük iş
düşür. O qeyd edib ki, bu layihəyə Azərbaycanın, xüsusilə risklərin
idarə olunması sahəsində ehtiyacı var:
"Avropa İttifaqında dəfələrlə vurğulayırıq ki, Azərbaycana bu
sahədə mütəmadi dəstəyin göstərilməsinə hazırıq".
O qeyd edib ki, layihənin çox uğurlu nəticələnməsi onu davam
etdirməyə əsas yaradır.