"Tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatları əsasən özəl tibb müəssisələrində həyata keçirilir. Dövlət tibb müəssisələrində tibbi göstəriş olmadan qeysər əməliyyatından imtina edilən kimi, o xəstələr üz tuturlar özəl klinikalara. Həmin klinikalarda isə tibbi komissiyanın qərarı olmadan xəstə əməliyyat edilir. Ona görə də, hesab edirəm ki, özəl klinikalarda tibbi şuraların yaradılması ilə bağlı ciddi tələblər qoyulmalıdır". Bu sözləri Movqe.az-a Səhiyyə Nazirliyi ET Mamalıq və Ginekologiya İnstitutunun baş həkimi Nigar Axundova Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatının aparılması ilə bağlı cəzaların sərtləşdirilməsinə münasibətində söyləyib. N. Axundovanın sözlərinə görə, son illər Azərbaycanda qeysər əməliyyatı ilə uşaq dünyaya gətirmə halları çoxalıb: "Bu heç də o demək deyil ki, həmin qadınlar tibbi göstəriş əsasında qeysər əməliyyatına cəlb olunublar. Çox təəssüf ki, ana olmağa hazırlaşan qadınların çoxu təbii üsuldan çox qeysər əməliyyatına üstünlük verir. Bu isə nəticədə ikinic, üçüncü dəfə qeysər kəsiyi ilə ana olan qadınların sayını artırır. Çünki, qarın boşluğunda çapıq olan qadınları təbii doğuşa g[twrm'k riskini həkimlər öz üzərlərinə götürmürlər. Bu böyük məsuliyyətdir. Dövlət tibb müəssisələrində hamilə qadın doğuş üçün müraciət edərkən təkidlə qeysər əməliyyatı tələb etsə də, biz tibbi şuranın iclasından sonra buna qərar veririk. Yəni qadında tibbi göstəriş yoxdursa qeysər əməliyyatı olunmur. Amma belə halda hamilə qadınlar dövlət tibb müəssisələrindən özəl klinikalara üz tuturlar. Özəl klinikalarda isə bu şuralar yoxdur. Qeysər əməliyyatı üçün müraciət edən hamilə qadında bunun üçün tibbi göstərişin olub-olmadığına əhəmiyyət verilmir. Nəticədə ağciyəri hələ tam yetişməmiş, hamiləliyin 37-38-ci həftəsində uşaq ana bətnindən götürülür. Ona görə də, tibbi göstəriş olmadan qeysər əməliyyatı edən həkimlərə qarşı cəzaların sərtləşdirilməsi vacibdir. Amma könüllü şəkildə qeysər əməliyyatı üçün müraciət edən hamilə qadına və onun yaxınlarına da bu cür cəzalar müəyyənləşdirilməlidir. Çünki, bəzən oğlan uşağı dünyaya gələcək ailələrdə ər arvadı məcbur edir ki,travmasız doğuş üçün qeysər əməliyyatı etdirsin. Hesab edirlər ki, bu doğuş daha təhlükəsizdir. Amma anlamırlar ki, bu zaman risk daha böyükdür. Çünki, tam yetişməmiş, hamiləlik başa çatmamış uşaq ana bətnindən götürülür".
Qeyd edək ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə yeni 38-7 maddəsinin əlavə olunması müzakirəyə çıxaracaq. Maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar. Layihə Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.