105 avtobusda kart aparatları (validator) quraşdırılıb-Özəl

30 May 2013 12:34 (UTC+04:00)

"Artıq 105 avtobusda  kart aparatları (validator) quraşdırılıb. 395 avtobusda isə bu aparatların quraşdırılması iyun ayında davam etdiriləcək".

Bu sözləri Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib.

N. Həsənovun sözlərinə görə, ilkin mərhələdə 29 marşurutu əhatə edəcək kart sisteminə hazırlıq işləri bu gün də davam edir: "Biz çalışırıq ki, bu sistem işə düşəndə problem yaranmasın, kart qıtlığı hiss olunmasın. Ona görə də, avtobuslarda vladiatorlar quraşdırılmaqla yanaşı, kart istehsalı prosesi də sürətləndiriləcək".

Amma N. Həsənov kart sistemi tətbiq olunan avtobuslarda gediş haqqını bir müddət nağd ödəməyin də mümkün olacağını söyləyir. N. Həsənovun sözlərinə görə, ilk kartlaşdırma prosesi 500 avtobusu əhatə edəcək: "Amma bu iş davamlı olacaq. 29 marşurut üzrə kartlaşdırma prosesi yekunlaşdıqdan sonra digər marşurutlarda da bu işə start veriləcək. İlkin mərhələdə isə ən azı 500 minə yaxın kart lazımdır ki, biz bu sistemə keçə bilək.  Kartların satışı üçün şəhərin bütün nöqtələrində məntəqələr olacaq. Bu kartlar metro kartlarından fərqli olaraq bank məhsulu olacaq. Bu karta sahib olan sərnişin, ondan təkcə ictimai nəqliyyatda deyil, alış-verişdə də istifadə edə biləcək". 

N.Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşdırma sisteminin gediş haqqına təsir etməyəcəyini bildirdi.