Onlar həssas təbəqələri öz terror şəbəkələrinə alət etməkdə davam edirlər

10 İyul 2019 18:07 (UTC+04:00)

Sosial şəbəkələr vasitəsilə yetim uşaqlara yardım göstərmək adı pul toplayan radikal dini şəbəkənin əsl mahiyyəti ortaya çıxıb. Onlar nə qədər ifşa edilsələr də,  həssas təbəqələri öz terror şəbəkələrinə alət etməkdə davam edirlər. 
Bir müddət əvvəl Moskvada 2015-ci ildən başlayaraq Suriyadakı terrorçuların bank kartlarına 50 milyon rubldan çox pul göndərən Şimali Osetiya əsilli şəxs saxlanılıb. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yayıb.
Saxlanılan şəxsin adı Quyev Georgi Ruslanoviçdir. İstintaqın gəldiyi qənaətə görə, onun yardım etdiyi döyüşçülər Suriya Ərəb Respublikasının ərazisində İŞİD terror təşkilatının tərkibində döyüşürlər.
FTX-nın versiyasına görə, Quyev pulları "Muhacirun" İslam Fondunun qurucusu, terrorizmə görə axtarışda olan İsrail Əhmədnəbiyevə (qondarma adı "Əbu Umar Sasitlinski") göndərib.
FTX hesab edir ki, vəsait xaricə "terror xarakterli cinayətlərin hazırlanması və törədilməsi" üçün göndərilib. Saxlanılan şəxsin pulları haradan aldığı isə hələlik dəqiqləşdirilir.
Quyevin olduğu məkanların axtarışı zamanı ekstremist ədəbiyyat, çoxlu sayda bank kartı və İŞİD koordinatorundan gələn təlimatlarla birlikdə mobil telefonlar müsadirə edilib.
Bir qədər əvvəl isə Tverdə İŞİD-i maliyyələşdirən 3 nəfər saxlanılıb. Rusiya qvardiyasının xüsusi təyinatlıları ilə birgə keçirilən əməliyyatda saxlanılan şəxslərdən birinin Mərkəzi Asiya Respublikalarından birinin vətəndaşı olduğu məlumdur. Onlara qarşı terror fəaliyyətinə təşviqlə bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırma davam edir və cinayətkar qruplaşmanın digər üzvləri axtarılır.
Qeyd edək ki, "Muhacirun" İslam Fondunun qurucusu, terrorizmə görə axtarışda olan İsrail Əhmədnəbiyev Dağıstanın Novosasitli kənd orta məktəbini bitirəndən sonra yerli mədrəsəyə daxil olub. Üç ildən sonra - 2000-ci ildə o, dini təhsilini davam etdirmək məqsədilə Suriyaya gedib və orada "Əbu Nur" İslam İnstitutunda 3 kurs oxuyub. 2001-ci ildə Dəməşq "Fəthu-l-İslami" universitetinin Suriyanın digər ərazisindəki filialı olan "Əl-Əzhər" universitetinin Şəriət fakültəsinə daxil olub. Burada bakalavriat, magistratura və aspirantura təhsili alıb. Onun "elmi maraq"ları Şəriət qaydaları əsasında nikah və talaq ətrafında olub. Ona Səhih əl-Buxarinin hədislər toplusunu tədris etmək icazəsi verilib.
13 noyabr 2009-cu ildə Dağıstanın "Çernovik" qəzetinə müsahibəsində İsrail Əhmədnəbiyev müsəlmanlardan onun doğma kəndi Novosasitlidə hafizlər məktəbinin tikintisinə yardım istəyib. KİV-də və sosial şəbəkələrdə yayılan bu elan nəticəsində 2 milyon ABŞ dolları dəyərində vəsait toplanıb. 
2012-ci ilin oktyabr ayında həmin mərkəzin açılış mərasimi olub. Ora yetimlər üçün mərkəz və hifz məktəbi kimi fəaliyyətə başlayıb. Dördmərtəbəli və ayrıca ikimərtəbəli binalardan ibarət olan kompleksdə kitabxana, yeməkxana, 250 yerlik yataqxana, kompüter zalı, 11 sinif otağı, uşaq bağçası və idman zalı yerləşib.
2013-cü ildə Əbu Umar Sasitlinski rusdilli müsəlmanların diqqətini Suriya və Türkiyədəki qaçqınlar probleminə yönəldib. Bunun üçün VKontakte sosial şəbəkəsində "Suriya - İslam Ümmətinin bir hissəsi" açıq qrupu yaradılıb. Bu qrupa 8 mindən çox iştirakçı qoşulub.
Üç kampaniyaya 450 min dollar pul yığılıb. Pullar İsrail Əhmədnəbiyevin rəhbərlik etdiyi Dağıstanın "Ansar" xeyriyyə fondu çərçivəsində toplanıb. Humanitar yardımın guya Türkiyə ilə sərhəddəki 3 qaçqın düşərgəsindəki 30 min qaçqına göndərildiyi bildirilib.
Sonra Rusiya KİV-ləri Əbu Umarı İŞİD-ə döyüşçülər cəlb etməkdə günahlandırmağa başlayıb. Novo-Sasitli kəndinin başçısı "Novaya qazeta"ya müsahibəsində Əbu Umarı "dələduz" adlandırıb və bildirib ki, o, dindən istifadə edərək insanları terror təşkilatına cəlb edir.
2014-cü ilin fevralında Soçidə keçirilən Olimpiya Oyunlarından əvvəl Şimali Qafqazda sələfilərlə bağlı fəal əməliyyatlar başlayıb. 25 iyul 2013-cü ildə Novo-Sasitli kəndində xüsusi əməliyyat keçirilib və nəticədə Hafizlər məktəbinin dini seminarının iştirakçıları saxlanılıb. Onlar polis şöbəsinə aparılıb və kartotekaları yaradılıb. Həmin andan kənddə pasport rejimi tətbiq edilib.
Bundan sonra sələfilərin çoxu Dağıstanı tərk edib. Onlardan kimi Misirə, kimi Türkiyəyə, kimi Suriya və İraqa, kimi də Avropa ölkələrinə gedib. Həmin vaxt İsrail Əhmədbəyov də ölkədən çıxıb. Lakin onun qurduğu şəbəkənin fəaliyyəti Rusiya və qonşu dövlətlərin ərazisində davam edir. Özü isə axtarışa verilib.
Qeyd edək ki, İsrail Əhmədnəbiyevin şəbəkəsinə çox sayda qadınlar də cəlb edilib. O qadınların işi həm Rusiya, həm də qonşu dövlətlərdə öz təsirlərini yaymaqdan ibarətdir. Onlar ən çox populyar sosial şəbəkələrdə iş aparırlar. Rusdilli arealda onların fəaliyyəti daha aydın hiss olunur. Onlar həssas təbəqələri yetim insanlara yardım etməyə çağırır, yardımsevər insanları öz terrorçu mahiyyətlərinə alət edirlər. Eyni zamanda İslam inancı olanları müqəddəs müharibəyə - cihada qoşulmağa səsləyirlər. Ehtimal var ki, İŞİD terror şəbəkəsinə qoşulan azərbaycanlılar arasında İsrail Əhmədnəbiyevin şəbəkəsinin vasitəçilik etdiyi qadın və kişilər də az deyil.    
P.s.Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.