Piylənmə getdikcə daha ciddi problemə çevrilir

30 May 2013 18:13 (UTC+04:00)

Son illərdə Azərbaycanda köklükdən, piylənmədən əziyyət çəkən insanların sayında artım müşahidə olunmaqdadır. Avropa ölkələrinə, ABŞ-a xas olan bu problem artıq Azərbaycanda da özünü göstərməyə başlayır. Məsələ ilə bağlı Mövqe.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib: "Piylənməyə gətirib çıxaran müxtəlif səbəblər var. Onlardan ən birincisi düzgün qidalanmamaqdır. Bu gün piylənməyə səbəb olan xolestirinli qidaların çəkisi rasionda xeyli artıb. İnsanlar axşam qidasına daha bol edirlər. Amma bunu əksinə etməlidirlər. Restoranlarda, şadlıq evlərində təşkil olunan toy, ad günlərində vətəndaşların qidasının günün ikinci yarısına təsadüf etməsi, az hərəkətlilik, qidaların tərkibinin dəyişdirilməsi piylənməyə, çəki artımına səbəb olur. Bundan əlavə hamilə qaddınların doğuşdan sonra qalxanvari vəzisində (zob) problemlər yaranmağa başlayır. Zob özü və ya hormonal dəyişikliklərin özü də piylənməyə səbəb olur".

Ekspert həmçinin qeyd edib ki, insanlar qida rejimini normallaşdırmalı, günün ikinci yarısında yağlı qidalar qəbul etməməlidirlər: "Hər gün yatmazdan əvvəl gəzmək lazımdır. Gün ərzində 5-6 km gəzmək lazımdır ki, qəbul olunan qidanın yanma prosesi həyata ketsin. Ümumiyyətlə, aktiv həyat tərzi keçirilməlidir. Mövsümlə əlaqədar yağsız, kalorisi az olan qidalar tövsiyyə edirəm. Dünyanın hər yerində kütləvi idman var. Bizdə isə belə bir şey yoxdur. Kütləvi idman özü də bir mədəniyyətdir. Bu problem mədəniyyətlə bağlıdır. Azərbaycanda piylənmədən son zamanlar insanların əksəriyyəti əziyyət çəkir. Azərbaycanlı kişilərin əksəriyyətinin bu gün qarnına fikir versək görərik ki, onların qarnının divarı revavaksiyasıyaya uğrayıb, profildən qabağa doğru çıxır. Bunun özü artıq piylənmədir. Piylənmənin deposuna yan tərəflər, qarın və s. yerlər daxildir. Ümumi parametrlər yoxlanıldıqda aydın olur ki, ölkə ərazisində əhalinin 90%-i artıq çəkidən əziyyət çəkir. Azərbaycanda qadınlar daha çox piylənmədən əziyyət çəkir. Ancaq kişilərimiz də artıq tənbəliyyə öyrəşiblər, piylənməyə görə qadınlara çatmaq üzrədirlər".

Həkim kökəlməmək üçün süni doğuşa (qeysər əməliyyatına) üstünlük verən xanımlar barədə də danışdı: "Yaxşı olar ki, doğuş təbii reallaşsın. Bəzən qadınlar piylənmədən, kökəlmədən uzaq olmaq üçün real doğuşu reallaşdırmırlar, əksinə, qeysər əməliyyatına üstünlük verirlər. Belə hallar çox ziyanlıdır. Ancaq bəzən həqiqətən də, süni doğuşa ehtiyac yaranır. Amma bütün hallarda yeri gəldi-gəlmədi süni doğuş üsulundan istifadə, hesab edirəm ki, qadınların doğuş vərdişini tərgidir və çox zərərlidir. Qeysər əməliyyatı zamanı qarının aşağı hissəsindən cüzi bir kəsikdən aparılır.Bunun piylənməyə, artıq çəkiyə heç bir adiyyatı yoxdur. Buna görə də əksər xanımlar bu cür doğuş etməyi arzu edirlər. Real doğuş zamanı bildirim ki, qarının ön divarı boşalır, döl böyük olduğu üçün müxtəlif problemlər yaranır. Hamilləlikdə sonra qarın yığılmır və boş bir qarın əmələ gəlir. Bunun özü də xeyli diskomfort yaradır".